CƏMİYYƏT
Şəkidə zəlzələnin vurduğu ziyanın dəqiqləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir
Şəki, 5 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Sentyabrın 4-də Şəki rayonu ərazisində baş vermiş zəlzələnin vurduğu ziyanın dəqiqləşdirilməsi məqsədi ilə şəhər rəhbərliyi, rayon fövqəladə hallar komissiyasının üzvləri və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən rayonun qəsəbə və kəndlərində, o cümlədən şəhər ərazisində zədələnmiş fərdi evlərə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinə, həmçinin sosial obyektlərə baxış keçirilir.
Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-a bildiriblər ki, ilkin baxış zamanı Şəki şəhərində, Turan qəsəbəsində, Bolludərə, Qaratorpaq, Çayqaraqoyunlu, Aşağı Daşağıl, Aydınbulaq, Göybulaq, Əliyar, Cəyirli, Qozlubulaq, Oxud, Aşağı Küngüt, Çeşməli, Şəki kənd, Köbər Zəyzid, Şirinbulaq, Dərəcənnət və Cəfərabad kəndlərində ümumilikdə 240 fərdi evin divarlarında çatlar əmələ gəldiyi müəyyən olunub. Bundan əlavə, şəhər və kəndlərdə 27 məktəb binasının, Şəki Dövlət Dram Teatrının, Tarix-Diyarşünaslıq Muzeyinin, Şəki Əlillərin Regional Bərpa Mərkəzinin, Şəki Gigiyena və Epidemiologiya Mərkəzinin, Şəki şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, Turan qəsəbəsində və Qaratorpaq, Aydınbulaq, Qayabaşı kəndlərində yerləşən kitabxana binalarının divarlarında da çatlar yaranıb.
Yeraltı təkanlar nəticəsində Şəki şəhərində 2, Qaratorpaq kəndində 4 fərdi ev, Turan qəsəbəsində, Bolludərə, Qaratorpaq və Sarıca kəndlərində uşaq bağçaları, Oxud kəndində ümumi orta məktəb binası qəzalı vəziyyətə düşüb.
Hazırda aidiyyəti dövlət qurumları tərəfindən zəlzələ nəticəsində dəymiş ziyanın dəqiqləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.