REGİONLAR
Şəkili fermer dövlət dəstəyindən yararlanaraq tütün əkini sahələrini 80 hektara çatdırıb
Şəki, 10 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Bir neçə ildir ki, tütünçülüklə məşğul oluram. Avqustun 4-də Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələri diqqətlə dinlədim. Müşavirədə dövlətimizin başçısının kənd təsərrüfatının inkişafına verdiyi böyük önəmin bir daha şahidi oldum. Bundan sonra fəaliyyətimi bu istiqamətdə quracaq, Prezidentin biz fermerlərə göstərdiyi etimadı doğrultmağa çalışacağam.
Bu fikirləri Şəki rayonunun Dərəcənnət kəndindən olan fermer, respublika müşavirəsinin iştirakçısı Elxan Mustafazadə AZƏRTAC-a müsahibəsində deyib.
Fermerin bildirdiyinə görə, ötən il 45 hektar sahədə tütün əkib, 60 tondan çox quru tütün əldə edib. Dövlətin bu sahəyə dəstəyindən ruhlanan fermer bu il tütün əkini sahələrini daha da genişləndirərək, 80 hektara çatdırıb. Fermer tütün əkini zamanı əsasən, “İmunni” və “Berley” sortlarına üstünlük verib. Bu sortların məhsuldarlığı daha yüksək olur. Hazırda təsərrüfatda 120 nəfərə yaxın işçi çalışır.
Elxan Mustafazadə bildirib ki, tütün sahələrinin hər hektarından 50 sentner məhsul gözləyir. İndiyədək emal müəssisəsinə 24 ton quru tütün məhsulu təhvil verib.