REGİONLAR


Şəkili şəbəkə ustası beynəlxalq festivalın sertifikatına layiq görülüb VİDEO

Şəki, 16 may, Mustafa Dadaşov, AZƏRTAC

Tanınmış şəbəkə ustası, şəkili sənətkar Hüseyn Hacımustafazadə mayın 7-dən 12-dək İran İslam Respublikasının Təbriz şəhərində keçirilən III Beynəlxalq incəsənət, sənətkarlıq və yaradıcılıq festivalında ölkəmizi layiqincə təmsil edərək, festivalın sertifikatına layiq görülüb.

Festival barədə təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşən şəkili sənətkar deyib: “İstanbul İslam Tarixi Tədqiqat Mərkəzi, Təbriz İslam İncəsənət Universiteti, İran İslam Mədəniyyətlər və Əlaqələr Təşkilatının birgə təşkil etdikləri festivalda 31 ölkədən iki yüzə yaxın sənətkar iştirak edib. Azərbaycan festivalda 3 nəfərlə – mən, həmçinin zərgərlik və keramika sahələri üzrə sənətkarlarla təmsil olunurdu. Festivala apardığım 10 şəbəkə nümunəsindən yalnız birini – “Kəhkəşan” şəbəkə kompozisiyasını müsabiqəyə təqdim etdim. Qalan əsərlərim isə sərgidə nümayiş olundu. “Kəhkəşan” əsərinin hazırlanmasına 3 minə yaxın detal hissə və rəngli şüşə işlənmişdi. Əsər hamının böyük marağına səbəb oldu və mən taxta sənətkarlığı üzrə festivalın birinci mükafatına layiq görüldüm”.

Beynəlxalq festival günlərində şəkili şəbəkə ustası Təbriz İslam İncəsənət Universitetinin tələbələrinə ustad dərsləri də keçib, onlara şəbəkə sənətinin sirləri barədə məlumat verib, şəbəkənin detallarının hazırlanması və quraşdırılması prosesini əyani şəkildə göstərib. Ustanın bildirdiyinə görə, şəbəkə sənəti ilə Təbrizdə də məşğul olurlar. Lakin Azərbaycan şəbəkəsi öz incə və zərifliyi ilə seçilir.

Qeyd edək ki, Hüseyn Hacımustafazadənin festivalın qalibi olmuş əsəri bundan sonra Təbriz Universitetinin incəsənət muzeyində daimi eksponat kimi nümayiş etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.