REGİONLAR


Şəkinin Kiş kəndindəki qədim alban məbədi mədəni irsimizin nadir incilərindəndir VİDEO

A+ A

Şəki, 22 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanın ən qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən biri olan Şəkinin çox zəngin tarixi var. Bu şəhərdə inşa edilmiş qədim tarixi memarlıq abidələri mədəni irsimizin inciləri hesab olunur.

AZƏRTAC xəbər verir ki, Şəki öz tarixi-mədəni irsi, abidələri, memarlıq inciləri ilə ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib. İlin bütün fəsillərində Şəkiyə gələn yerli və xarici turistlərin, həmçinin rəsmi qonaqlar və beynəlxalq tədbir iştirakçılarının ən çox üz tutduqları, ziyarət etdikləri tarixi məkanlardan biri də Kiş kəndində yerləşən qədim alban məbədidir. Eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulan bu məbəd bütün Qafqazda təqribən 2 min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Əhəng daşından tikilən abidə erkən orta əsrlərdə yaranan ilkgümbəzli, zal tipli məbəddir. 2001-ci ilin mayında norveçli mütəxəssislərlə birgə “Kiş” layihəsi üzrə abidənin bərpasına başlanılıb və 2003-cü ilin sentyabrında məbədin açılışı olub. Layihə tanınmış norveçli səyyah, etnoqraf və alim Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib. Alimin xatirəsinin əbədiləşdirilməsi üçün məbədin qarşısında onun büstü də qoyulub.

Kiş alban məbədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə dünya əhəmiyyətli abidələr siyahısına daxil edilib və tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Məbədin yerləşdiyi ərazidə 2003-cü ildə Kiş Tarixi-Memarlıq Qoruq-Muzeyi yaradılıb. 2009-cu ildə isə muzeyə ayrıca qoruq statusu verilib.

Kiş Tarixi-Memarlıq Qoruğunun direktoru İlhamə Hüseynova AZƏRTAC-a bildirib ki, bərpadan sonra məbədi ziyarət edənlərin sayı ildən-ilə artır. 2004-cü ildə məbədi 4 min 500 nəfər ziyarət etmişdisə, 2015-ci ildə ziyarətçilərin sayı artaraq 12 min 538 nəfərə çatıb. Gələnlərin 3 min nəfərdən çoxu xarici turistlər olub. Onların arasında Almaniya və Polşadan gələnlər üstünlük təşkil edib. Bu ilin yay mövsümündə isə məbədi 7 mindən çox yerli və xarici turist ziyarət edib. Onlardan da 2 min nəfərdən çoxu xarici turistlərdir. Direktorun bildirdiyinə görə, turistlərin diqqətini qədim məbədlə yanaşı, Kiş kəndinin əsrarəngiz təbiət gözəllikləri də özünə cəlb edir.

Məbədi ziyarət edənlər göstərilən xidmətdən, qoruq əməkdaşlarının xoş münasibətindən ağızdolusu danışırlar. Məbədlə tanışlıqdan sonra qonaqlar Şəki şirniyyatları ilə bəzədilən çay süfrəsinə dəvət olunur, mənalı istirahət edirlər. Onlara məbəd haqqında bukletlər də hədiyyə olunur.

Şəkiyə ailəsi ilə birgə istirahətə gələn Bakı şəhərindəki Uşaq Müalicə Bərpa Mərkəzinin mütəxəssisi Aytən Rəfizadə Kiş məbədi ilə tanışlıqdan sonra təəssüratını AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Birinci dəfədir Şəki şəhərində oluram. Ailəmlə birlikdə istirahətə gəlmişik. Eşitdik ki, burada qədim alban məbədi var, gəlib görmək istədik. Qoruğun əməkdaşları məbəd haqqında bizə geniş məlumat verdilər, eksponatlarla tanış olduq. Çox şadam ki, mən və ailəm, ən əsas da balaca oğlum bizim, Azərbaycanın gözəl, qədim məbədləri barədə bilgilərə sahib oldular. Hamıya tövsiyə edərdim ki, gəlsinlər, baxsınlar, Azərbaycanın gözəl guşələri ilə tanış olsunlar”.

Tarixçi Roman Postek isə dostları ilə birlikdə Polşadan gəlib. Onlar səyahət etməyi çox xoşlayırlar. Gecəni Kiş kəndində təbiətin qoynunda, dağda qurduqları çadırda keçiriblər.

AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı Roman Postek bildirib ki, Azərbaycanda, eləcə də Şəkidə ilk dəfədir olur. Məşhur səyyah Tur Heyerdalın kitablarını oxuduqdan sonra Kiş məbədini ziyarət etməyi qərara alıb. Artıq bəzi tarixi abidələrlə də tanış olublar. Hələlik Şəki mətbəxinə aid yeməklərdən dada bilməsələr də, isti təndir çörəyi onların çox xoşuna gəlib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.