REGİONLAR


Şəkinin füsunkar təbiəti, qədim tarixi və sənətkarların əl işləri turistlərin diqqətini çəkir VİDEO

A+ A

Şəki, 3 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanın qədim mədəniyyət məskənlərindən olan Şəki bu gün həm də regionun ən önəmli turizm mərkəzi kimi tanınır. Şəki xanlarının sarayı, Kiş kəndindəki qədim alban məbədi, orta əsrlərə aid karvansaralar, tarixi-memarlıq abidələri, yerli sənətkarların əl işlərinin sərgiləndiyi “Sənətkarlar evi” turistlər üçün cəlbedici məkanlardandır.

AZƏRTAC xəbər verir ki, yay aylarında yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri də “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir. Hazırda qoruğun ərazisində dövlət qeydiyyatına alınan 25 tarixi-memarlıq, arxeoloji və park-monumental abidələr mövcuddur. Bu ərazidə yerləşən və Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı, V-VI əsrlərə aid dairəvi məbəd, xalq tətbiqi sənəti və tarix-diyarşünaslıq muzeyləri, Dövlət Rəsm Qalereyası hər zaman turistlərin diqqətini özünə cəlb edir.

Turistlərə xidmət göstərmək üçün Xan sarayının yaxınlığında, qədim qala divarları ilə əhatələnmiş geniş yaşıllıq ərazidə bu mövsümdən etibarən asudə vaxt və istirahət guşəsi də fəaliyyət göstərir. Turistlər qədim dövrləri xatırladan foto-atelyedə milli geyimlərlə fotolar çəkdirir, xüsusi çadır-söhbətgahlarda dincəlir, samovar çayına qonaq olurlar. Ərazidə uşaqlar üçün müxtəlif attraksionlar da quraşdırılıb.

Şəhər Mədəniyyət və Turizm Şöbəsinin tədbirlər planına uyğun olaraq, hər gün qoruğun ərazisində turistlər üçün müxtəlif əyləncəli proqramlar, konsertlər, sərgilər təşkil edilir.

Qoruğun ərazisində yerləşən “Sənətkarlar evi”ndə də yay aylarında xüsusi canlanma hiss olunur. Burada fəaliyyət göstərən şəbəkə ustası Hüseyn Hacımustafazadə və təkəlduz ustası Vəfa Mustafayevanın dediklərinə görə, son aylarda bura gələn turistlərin sayında xeyli artım müşahidə olunur. Xüsusilə, ərəb ölkələrindən gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə xeyli artıb. Turistlər yerli sənətkarların əl işlərinə böyük maraq göstərirlər. Xarici turistlərin bildirdiyinə görə, yaşadıqları ölkələrdə belə sənətkarlıq nümunələrinə rast gəlmək mümkün deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.