REGİONLAR


Şəkinin qədim tarixindən soraq verən yeni məkan – “Yurd yaddaşı” VİDEO

Şəki, 23 may, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanın ən qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən olan Şəkinin çox zəngin tarixi var. Bu şəhərdə inşa edilmiş qədim karvansaralar, qalalar, məscid və məbədlər, dünya və ölkə əhəmiyyətli tarixi memarlıq abidələri mədəni irsimizin inciləridir.

AZƏRTAC xəbər verir ki, şəhərdə fəaliyyət göstərən qoruq və muzeylər bu qədim memarlıq incilərinin qorunub saxlanması və təbliğində mühüm rol oynayır. Şəhərin “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, M.F.Axundzadə prospektində yeni fəaliyyətə başlayan “Yurd yaddaşı” ekspozisiya zalının yaradılmasında əsas məqsəd məhz bu qədim diyarı, onun tarixini, görkəmli şəxsiyyətlərini, elm və sənət adamlarını, qədim sənətkarlıq ənənələrini yerli və əcnəbi qonaqlara yaxından təqdim etməkdən ibarətdir.

Mayın 23-də “Yurd yaddaşı” ekspozisiya zalının açılış mərasimi olub.

Sənətsevərlərin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri, şair Vaqif Aslan və digər qonaqlar çıxış edərək, muzeyin ekspozisiyasında Şəkinin tarixi və mədəni irsi ilə bağlı çox zəngin məlumatların toplandığını bildirib, kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Ekspozisiyada Şəkinin qədim tarixindən soraq verən müxtəlif bölmələr fəaliyyət göstərir. Şəkinin məşhur tarixi memarlıq abidələri – Şəki xanlarının sarayı, Kiş kəndindəki qədim alban məbədi, “Gələrsən-görərsən” qalası, Aşağı və Yuxarı karvansaraylar, məscidlər, tarixi şəxsiyyətlərin ev-muzeyləri və digər tarixi abidələr ziyarətçilərə kiçik maketlər şəklində təqdim olunur. Ekspozisiya zalında, həmçinin Şəkinin xanlıq dövrünü əks etdirən sənədlər, fotoşəkillər, Şəkidə baş verən tarixi hadisələr barədə məlumatlar xronoloji ardıcıllıqla öz əksini tapıb. Şəhərin qonaqları bu məkana baş çəkməklə, həm də Şəkinin tarixinə kiçik bir səyahət etmək imkanı qazanacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.