REGİONLAR
Şəkinin təsərrüfatlarında 100 min tondan çox qaba yem tədarük olunub
Şəki, 14 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Şəkili heyvandarlar payız-qış mövsümündə mal-qaranın yemə olan tələbatının tam şəkildə ödənilməsini təmin etmək üçün indidən ciddi hazırlaşırlar. Belə ki, indiyədək rayonun təsərrüfatlarında 104,5 min ton qaba yem tədarük olunub.
Bu barədə AZƏRTAC-a Şəki Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, tədarük edilən yemin 52,9 min tonunu quru ot, 51,6 min tonunu isə küləş təşkil edir. Yem tədarükü ötən ilin müvafiq dövrü ilə müqayisədə min tona yaxın artıb.
Təsərrüfatlarda, eyni zamanda, payızlıqların səpini üçün yay şumunun çıxarılması da davam edir. Fermerlər indiyədək 5,8 min hektar sahədə şum aparıblar. Bundan əlavə, payızlıq səpin üçün 11 min tona yaxın toxum fondu da ayrılıb.