REGİONLAR


Şəkinin turizm xəritəsində yeni ünvan: “Marxal” müalicə-istirahət kompleksi VİDEO

A+ A

Şəki, 8 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanın zəngin turizm potensialına malik bölgələrindən biri olan Şəkinin turizm xəritəsinə daha bir ünvan yazılıb: “Marxal” müalicə-istirahət kompleksi.

AZƏRTAC xəbər verir ki, son illər Şəkidə müasir turizm infrastrukturunun yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Müasir mehmanxanalar, otellər, istirahət mərkəzləri inşa edilir, rahat yollar çəkilir, körpülər tikilir.

Hazırda rayonda 20-yə yaxın turizm və istirahət mərkəzi fəaliyyət göstərir. Onlardan biri də ən müasir standartlara cavab verən “Marxal” müalicə-istirahət kompleksidir. İstifadəyə verilməsindən cəmi iki ay keçməsinə baxmayaraq, kompleks artıq turistlər arasında populyarlaşıb.

“Marxal” müalicə-istirahət kompleksi iki ayda

10 mindən çox turist qəbul edib

“Marxal” müalicə-istirahət kompleksinin baş direktoru İlqar Hüseynov AZƏRTAC-a müsahibəsində bildirib ki, fəaliyyət göstərdiyi iki ayda kompleks 10 min nəfərdən çox qonaq qəbul edib. Onların arasında İtaliya, Almaniya, İsveçrə və digər Avropa ölkələrindən turistlər də olub.

Yaraşıqlı, istirahət üçün hər cür şəraitə malik müalicə-istirahət kompleksi Prezident İlham Əliyevin 2012-ci ildə imzaladığı Sərəncama əsasən yaradılıb. Şəki şəhərinin yaxınlığında, Böyük Qafqaz sıra dağlarının cənub-qərb yamaclarında, dəniz səviyyəsindən 1080 metr yüksəklikdə, füsunkar bir ərazidə tikilib. Burada yaradılan süni göl bu gözəlliyə əlavə rəng qatır. Kompleks Bakı şəhərindən 300, Zaqatala və Qəbələ hava limanlarından isə 80 kilometr məsafədədir.

Xatırladaq ki, dövlətimizin başçısı 2015-ci il noyabrın 4-də Şəkiyə səfər edərkən “Marxal” müalicə-istirahət kompleksində tikinti işlərinin gedişi ilə maraqlanıb, tapşırıq və tövsiyələrini verib.

Ərazisi 30 hektar olan kompleksə yeddimərtəbəli mehmanxana binası, SPA mərkəzi, villa tipli 31 kottec, restoranlar şəbəkəsi və müxtəlif əyləncə mərkəzləri daxildir. Hazırda burada 300-dən çox işçi çalışır. Onların 90 faizi yerli sakinlərdir. “Yerli kadrlarla qısa müddətdə yüksək servis xidmətlərinə nail olmaq böyük nailiyyətdir. Təsadüfi deyil ki, hər bir qonaq buradan böyük razılıq hissi ilə ayrılır”, - deyə İlqar Hüseynov bildirib.

Müalicə-istirahət kompleksi eyni vaxtda 500-dək

 qonaq qəbul edə bilir

“Marxal” müalicə-istirahət kompleksinin mehmanxana binasında hər biri iki nəfərlik 172 nömrə var. Onlardan 26-sı “Sinqle rooms”, 70-i “Standard DBL-kinq”, 26-sı “Standard DBL-tvin”, 4-ü “Deluxe suite”, 20-si “Deluxe suite balcony”, 4-ü “Corner suite”, 22-si isə “Corner suite balcony” tiplidir. Bu otaqların bir günlük qiymətləri 90-180 manat civarındadır. Kompleksin daimi müştərilərinə 10 faiz, qrup şəklində gələnlərə isə 15 faiz güzəşt tətbiq edilir. Qiymətlər mövsümdən asılı olaraq dəyişir. Lazım gələrsə, otaqlara əlavə yataq dəsti də qoymaq mümkündür.

Kompleksin ərazisindəki villa tipli 31 kottecdə isə eyni vaxtda 168 nəfər qala bilər. Bu kotteclər iki, dörd, altı və səkkiz nəfərlikdir. Qiymətlər müvafiq olaraq 130, 180, 270 və 330 manat təşkil edir. Burada da müəyyən güzəştlər tətbiq olunur.

Mehmanxana otaqları və kotteclər zövq oxşayan mebel dəstləri və ən müasir avadanlıqla təchiz edilib.

Çoxsaylı xidmətlər və maraqlı əyləncələr

“Marxal” müalicə-istirahət kompleksində qonaqların rahatlığı, istirahətlərinin mənalı keçməsi üçün hər cür şərait yaradılıb. Kompleksin ərazisində uşaqlar üçün su attraksionları və böyük hovuz quraşdırılıb. Burada boulinq oyun mərkəzi, mini futbol, tennis və basketbol meydançaları, 2 kinoteatr zalı, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün 500 nəfərlik amfiteatr, SPA mərkəzi, qapalı hovuz, sauna, fitnes, həmçinin uşaqlar üçün əyləncə zalları fəaliyyət göstərir. SPA mərkəzində masaj, kəhrəba, qum, duz, buxar və palçıq vanna otaqları var.

Təklif olunan xidmətlər bununla bitmir. Kompleksə 600 və 250 nəfərlik restoranlar, lobbi bar, 40 nəfərlik yay kafesi də daxildir. Burada qonaqlara həm milli, həm də xarici mətbəx nümunələri təqdim olunur.

Kompleksdə dincələn insanlarla söhbət etdik, onların fikrini öyrəndik. Həmsöhbətlərimiz “Marxal” müalicə-istirahət kompleksində yaradılan şəraitdən, xidmətlərin çeşidindən və keyfiyyətindən, personalın xoş rəftarından və peşəkarlıq səviyyəsindən razılıq etdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.