MƏDƏNİYYƏT
Şəkinin türk dünyasının mədəniyyət paytaxtı elan olunması Qırğızıstan mətbuatında geniş işıqlandırılıb
Bişkek, 3 may, AZƏRTAC
Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyi və “ca-new” portalı Şəki şəhərinin 2016-cı ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı materiallar yerləşdirib.
Yazıda deyilir ki, bu münasibətlə keçirilən tədbirdə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tanınmış qazax yazıçısı Oljas Süleymenov, türk dünyasının nümayəndələri, deputatlar iştirak ediblər.
Düsen Kaseinov deyib ki, Şəki türk dünyasının mədəniyyət paytaxtı elan edilən beşinci şəhərdir. Burada tanınmış şairlər, yazıçılar, mədəniyyət xadimləri yaşayıblar. “Şəki, həmçinin qədim tarixi abidələri, dadlı qənnadı məmulatları, şən və məzəli yumoru ilə də məşhurdur”,- deyən D.Kaseinov bildirib ki, məhz bu amillər qədim şəhərə bu adın verilməsini reallaşdırıb.
Məqalədə bildirilir ki, TÜRKSOY-un üzvü olan ölkələrdən gələn mədəniyyət və incəsənət xadimlərinin ifaları maraqla qarşılanıb.
Yazıda qeyd olunur ki, tədbirdə 2015-ci ilin yekunlarına görə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan jurnalistlərinə TÜRKSOY-un mükafatları təqdim edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek