REGİONLAR
Şəkiyə gələn turistlər at üstə gəzintiyə də böyük maraq göstərirlər VİDEO
Şəki, 26 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın qədim mədəniyyət məskənlərindən olan Şəki bu gün, həm də, regionun ən önəmli turizm mərkəzi kimi tanınmaqdadır. Şəki Xanlarının Sarayı, Kiş kəndindəki qədim alban məbədi, orta əsrlərə aid karvansaraylar, tarixi-memarlıq abidələri, yerli sənətkarların əl işlərinin sərgiləndiyi “Sənətkarlar evi” turistlər üçün cəlbedici məkanlar hesab olunur.
AZƏRTAC xəbər verir ki, ilin bütün fəsillərində, xüsusilə yay aylarında Şəkiyə gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri də “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir. Qonaqların istirahətini mənalı və səmərəli təşkil etmək məqsədilə Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin tədbirlər planına uyğun olaraq, hər həftənin şənbə və bazar günləri qədim Qala divarlarının ərazisində turistlər üçün müxtəlif mədəni tədbirlər, konsertlər, əyləncəli proqramlar təşkil edilir.
Ötən ildən başlayaraq burada yerli və xarici turistlərə daha bir əyləncə növü – atla gəzinti də təklif olunur.
Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova AZƏRTAC-a bildirib ki, əsas məqsəd xalqımızın qədim atçılıq ənənələrini nümayiş və təbliğ etmək, eyni zamanda, atçılıq turizmini inkişaf etdirməkdir. Layihənin həyata keçirilməsinə Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzi də yaxından köməklik göstərir. Bu məqsədlə mərkəz tərəfindən atlar ayrılıb, təcrübəli təlimçilər cəlb olunub.
İdarə rəisinin bildirdiyinə görə, atla gəzinti layihəsi yay turizm mövsümünün sonunadək davam edəcək.
Respublika Atçılıq Turizm Mərkəzinin direktoru Elman Qədirov bildirib ki, turistlərin arzusuna uyğun olaraq, onlar atla qoruğun bütün ərazisini gəzə biləcək, buradakı tarixi-memarlıq abidələri ilə tanış olmaq imkanı əldə edəcəklər.
Qoruğun ərazisində turistlərə müxtəlif xidmətlər də təklif olunur. Atla gəzintidən sonra turistlərin dincəlməsi üçün ərazidə kənd mühitini xatırladan guşələr də yaradılıb. Turistlər samovar çayına, Şəki şirniyyatlarına, isti təndir çörəyinə qonaq olurlar.
Çörəkçi Məğrubə Məmmədrəhimovanın bildirdiyinə görə, yay aylarında müştəriləri çox olur. Turistlər isti təndir çörəyi ilə yanaşı, müxtəlif növ qutabları, fəsəli və yuxanı da çox xoşlayırlar.