REGİONLAR


Səkkiz dildə seçmələrin toplandığı “Bir yanı Şah dağı, bir yanı Xəzər” adlı kitab oxuculara təqdim olunub

Qusar, 14 iyun, Elxan Yusifli, AZƏRTAC

Qusarda “Azərbaycan - ümumi evimiz, doğma Vətənimizdir” mövzusunda keçirilən konfransda ölkəmizin şimal bölgəsində yaşayan 55 şair və nasirin yaradıcılığını özündə əks etdirən, 8 dildə seçmələrin toplandığı “Bir yanı Şah dağı, bir yanı Xəzər” adlı kitab oxuculara təqdim olunub.

AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi (İB) tərəfindən həyata keçirilən “Etnik qruplar arasında azərbaycançılıq ideologiyasının təbliği və mədəni müxtəlifliyin inkişafına dəstək” layihəsi çərçivəsində təşkil edilib.

Qusar şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən konfransda “Zəngəzur” Cəmiyyətləri İB-nin sədri, yazıçı-publisist Hacı Nərimanoğlu və məktəbin direktoru, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmiş Arif Xəlilovun məruzələri dinlənilib. Məruzələrdə əsrlərdən bəri müxtəlif xalq və etnosların Azərbaycan ərazisində mehriban bir ailə kimi yaşadığı, bu qədim torpaqların Qafqaz türkləri ilə bərabər, çox sayda etnosların da doğma vətəni olduğu vurğulanıb. Dünyada multikultural, tolerant ölkə kimi tanınan Azərbaycanda mədəniyyətin, ədəbiyyatın bir çox istedadlı nümayəndəsinin bu azsaylı xalqların yetirmələri olduğu qeyd edilib.

Konfransda oxuculara təqdim olunan “Bir yanı Şah dağı, bir yanı Xəzər” adlı kitabda Vətənimizin şimal bölgəsində yaşayan, Azərbaycan, ləzgi, tat, xınalıq, dağ yəhudiləri, qırız, buduq dillərində yazıb yaradan şair və nasirin əsərləri toplanıb. Nəfis tərtibatlı nəşrdə yer almış şeir, hekayə və esselər Azərbaycana, torpağa, Vətənə məhəbbəti, Qarabağ həsrətini, şəhidlərə hörməti, dünyaya, insana sevgini, nəcib insanlara duyğuları əks etdirir.

Diqqətə çatdırılıb ki, layihə çərçivəsində bundan əvvəl Vətənimizin cənub regionunda yaşayan, Azərbaycan və talış dillərində yazıb-yaradan 128 şair və nasirin yaradıcılığından seçmələrin toplandığı “Gəl bizim yerlərə...” kitabı da nəşr edilərək təqdimatı keçirilib. İctimai Birlik tərəfindən iştirakçılara ölkəmizdə yaşayan azsaylı xalqların tarix, mədəniyyət və məişətini, turizm imkanlarını əks etdirən sənədli filmlərin toplandığı audio-video disklər paylanılıb.

Tədbirdə bölgənin mədəniyyət, təhsil obyektlərinə, konfrans iştirakçılarına yeni kitablar hədiyyə edilib. Şagirdlərin ifasında müxtəlif dillərdə səslənən şeirlər maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.