İQTİSADİYYAT


Səkkiz rayonda istifadəsiz saxlanmış 18 min hektar torpaq sahəsinin icarə müqaviləsinə xitam verilib

A+ A

Bakı, 7 oktyabr, AZƏRTAC

Oktyabrın 7-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Abşeron rayonu və Bakı şəhərində keçirilən reyd və monitorinqlər torpaqların qanunazidd istifadəsi, heç bir sənəd olmadan özbaşına zəbti və hasarlanması ilə bağlı olub.

Komitədən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin torpaqlardan səmərəli istifadəyə nəzarət, təyinatına zidd istifadə və tamamilə istifadəsiz saxlanması hallarına qarşı mübarizə sahəsində verdiyi tapşırıqların icrası məqsədilə Bakı və regionlarda müntəzəm olaraq torpaq reydləri və monitorinqləri aparılır. Komitə tərəfindən həyata keçirilən bu nəzarət tədbirlərində məqsəd torpaq ehtiyatlarından səmərəli, məqsədli və qənaətli istifadə, xüsusilə də kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsinin bərpasıdır. Habelə, hektarlarla torpaq sahələrinin mülkiyyətçilər tərəfindən istifadəsiz saxlanması, hüquqi sənəddə göstərilən torpaq ölçüsündən artıq torpaqların özbaşına zəbti, eləcə də Xəzər dənizinin mühafizə zolağında tikintilərin aparılması hallarına qarşı tədbirlərin görülməsidir. Bununla da, uzun müddət iqtisadi dövriyyədən kənarda qalmış torpaqları yenidən istifadəyə cəlb etməklə gəlir mənbəyinə çevirməkdir. Aparılan monitorinq və reydlər nəticəsində torpaqların təyinatdan kənar və əsassız istifadə edilməsi, kateqoriyasının özbaşına dəyişdirilməsi faktları üzə çıxarılır. Müvafiq qurumlar tərəfindən mühafizə zonasına düşən torpaqların qanunsuz olaraq fiziki və ya hüquqi şəxslərə ayrılması, bələdiyyələr və vəzifəli şəxslər tərəfindən təyinatına zidd olaraq torpaqla bağlı qərarların verilməsi halları müəyyənləşdirilir. Məlum olur ki, bəzi hallarda kənd təsərrüfatı təyinatlı torpaqlar icarəyə götürülüb, lakin istifadə edilmir və boş saxlanılır. Bir sıra hallarda torpaqlar birbaşa məqsədləri ilə deyil, yaşayış, istehsalat, sənaye məqsədləri üçün istismar olunur. Kənd təsərrüfatına yararlı torpaq sahəsinin münbit qatı korlanaraq orada tikinti işləri aparılır.

Komitə tərəfindən torpaq qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı monitorinq və reydlər davam etdirilir. Abşeron rayonu və Bakı şəhərində keçirilən budəfəki reyd və monitorinqlər torpaqların qanunazidd istifadəsi, heç bir sənəd olmadan özbaşına zəbti və hasarlanması ilə bağlı olub. Abşeron rayonunun Qobu və Saray qəsəbələrindəki reydlər zamanı, ümumilikdə 7 hektardan çox əkin və örüş torpaqlarında müxtəlif təyinatlı tikinti işlərinin aparılması halları müəyyən edilib. Məlum olub ki, Qobuda fiziki şəxslər tərəfindən belə torpaqlarda yaşayış kompleksi, beton zavodu və anbar tikilib. Saray qəsəbəsində isə örüş sahəsində fiziki şəxs tərəfindən avtoservis binasının tikintisi aparılıb. Digər pozuntu faktlarına isə Bakının Xəzər rayonunda rast gəlinib. Bunların sırasında Zirə, Türkan qəsəbələrində kənd təsərrüfatı təyinatlı torpaqlarının təyinatının kobudcasına dəyişdirilməsi faktı aşkar edilib. Belə ki, ümumilikdə 100 hektara yaxın örüş sahəsində müxtəlif fiziki və hüquqi şəxslərin tikdiyi daş karxanaları müəyyən olunub. Üstəlik 100 hektar torpaq sahəsinin hamısının sənədləşdirilmədiyi, heç bir sənəd olmadan 40 hektar sahənin özbaşına zəbt olunması faktı da aşkarlanıb. Oxşar monitorinqlərin Xəzər dənizinin mühafizə zolaqlarında aparılması nəticəsində isə Hövsan və Türkan qəsəbələrinin dəniz sahili zonalarında özbaşına hasarlamalar və sahilə gediş-gəlişin məhdudlaşdırılması aşkar edilib.

Görülən tədbirlər nəticəsində komitə tərəfindən respublikanın 8 rayonu üzrə icarədə olan, lakin istifadəsiz saxlanmış 18 min hektar torpaq sahəsinin icarə müqaviləsinə xitam verilməsi və dövlət mülkiyyətinə geri qaytarılması təmin edilib. İcarədə olan torpaq sahələrinin səmərəsiz istifadə olunması və ya tamamilə istifadəsiz saxlanması ilə bağlı 18 rayon üzrə 23 min hektar torpaq sahəsinin icarə müqavilələrinə xitam verilməsi istiqamətində isə hazırda işlər aparılır.

Bütün bu hallarla bağlı İnzibati Xətalar və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə akt və protokollar tərtib olunaraq pozuntulara yol vermiş fiziki və vəzifəli şəxslərə təqdim olunub. Vətəndaşlara hüquq və vəzifələri, eləcə də torpaq qanunvericiliyi və mühafizə zolaqları ilə bağlı tələblər izah olunub. Tətbiq olunmuş cərimələrin 30 gün müddətində büdcəyə ödənişinin məcburiliyi, əks halda qanuna uyğun tədbirlərin görüləcəyi, habelə qərardan 10 gün ərzində şikayət vermək hüququ bildirilib.

Xatırladaq ki, müxtəlif dövrlərdə ölkə başçısı tərəfindən verilmiş müvafiq Fərman və Sərəncamlar ilə torpaqların istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilik də sərtləşdirilib. Bununla bağlı cərimə və sanksiyalar, bəzi hallarda cinayət məsuliyyəti müəyyən edilib.

Bütün bu nəzarət tədbirləri sayəsində torpaqların məqsədli dövriyyəsinə qaytarılması, təyinatına uyğun yenidən iqtisadi dövriyyəyə cəlb edilməsi təmin edilir. İstifadəsiz torpaqların dövlət mülkiyyətinə geri qaytarılması və dövriyyəyə buraxılması nəticəsində kənd təsərrüfatına yararlı torpaq sahələrinin ümumi həcmi artır. Belə torpaqlar yenidən gəlir mənbəyinə çevrilməklə ölkədə aqrar sahənin inkişafına təkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.