MƏDƏNİYYƏT
“Səlahiyyətli səfir” kitabının təqdimatı keçirilib
Bakı, 16 mart, Z.Mansurova, AZƏRTAC
Martın 16-da Azərbaycanda Atatürk Mərkəzində tarixçi-publisist Təranə Cəbiyevanın “MTR Grup” nəşriyyatında çapdan çıxan “Səlahiyyətli səfir” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə dərc edilən kitab keçmiş Azərbaycan Respublikasının ilk diplomatlarından biri İbrahim Əbilovun xatirəsinə ithaf olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov kitab haqqında məlumat verib, ulu öndər Heydər Əliyevin İ.Əbilov şəxsiyyətinə yüksək qiymət verdiyini vurğulayıb.
Tədbirdə akademik Cəlal Əliyevin kitab haqqında fikirləri və müəllifə təbriki oxunub.
Çıxış edənlər müəllifin 9-cu kitabı olan “Səlahiyyətli səfir” əsərini arxivlər əsasında hazırlanan, xüsusi dəqiqlik və səmimiyyətlə yazılan, tarixi əhəmiyyətə malik qiymətli mənbə adlandırıblar.
Sonda kitabın müəllifi T.Cəbiyeva tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, imzası ilə kitablarını oxuculara təqdim edib.