REGİONLAR
Seleksiya yolu ilə əldə edilən “Lider 55” toyuqları satışa çıxarılacaq
Gəncə, 20 iyul, Rauf Hacıyev, AZƏRTAC
Aqrar Universitetin Quşçuluq Tədris-Təcrübə Mərkəzində bəslənilən ətlik istiqamətli “Lider-55” adı verilən yeni toyuqlar 10 gündən sonra satışa çıxarılacaq.
Bu barədə AZƏRTAC-a Aqrar Universitetin baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində fəaliyyət göstərən Quşçuluq Tədris-Təcrübə Mərkəzinin rəhbəri Urfan Turabov məlumat verib.
Bildirib ki, Azərbaycan Dövlət Aqrar Universiteti ilə Müsüslü Quşçuluq Təsərrüfatı arasında bağlanmış müqaviləyə əsasən, mərkəzdə yeni yaradılmış “Lider 55” adı verilən ətlik toyuqlar yetişdirilir. Bu toyuqları seleksiya yolu ilə Aqrar Universitetin doktorantı, Müsüslü Quşçuluq Təsərrüfatının rəhbəri Qiyas Hacıyev əldə edib. Sınaq təcrübələri universitetin Quşçuluq Tədris-Təcrübə Mərkəzində aparılıb.
Hazırda ölkəmizdə bəslənilən bütün cinslərdən olan ətlik və yumurtalıq ev quşlarının patentinin xarici ölkələrə məxsus olduğunu deyən Urfan Turabov “Lider 55” toyuqlarının patentinin alınması üçün müraciət edildiyini də vurğulayıb.
Qeyd edək ki, “Lider 55” toyuqları görünüşünə görə kənd toyuq cinsinə yaxındır. Lakin bu toyuqlar kənd toyuq cinsindən daha tez yetişir, az yem sərf etməklə daha keyfiyyətli quş əti əldə etmək mümkündür. Bu toyuqların ətinin dadı kənd toyuğunun dadı ilə eynidir, genetik sağlamdır, xəstəliklərə qarşı dözümlüdür, yerli şəraitə uyğundur.