MƏDƏNİYYƏT
“Səməd Behrəngi” ədəbiyyat müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 6 mart, Z.Mansurova, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Azərbaycan Yazıçılar Birliyi və Diasporla iş üzrə Dövlət Komitəsinin birgə layihəsi olan www.litdiaspora.az-ın təsis etdiyi “Səməd Behrəngi” adına ədəbi müsabiqə iştirakçılarının mükafatlandırılma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, AYB-nin şöbə müdiri Sayman Aruz müsabiqə haqqında iştirakçılara məlumat verib. İranda dünyaya göz açan Səməd Behrənginin bütöv Azərbaycan və Türk dünyasının tanınmış yazarı, nasiri, publisisti olduğunu bildirib. Zəngin ədəbi irsi olan yazıçının əsərlərinin italyan, fransız, ingilis, türk dillərinə tərcümə olunduğunu söyləyib.
Çıxış edənlər vahid mədəniyyət və düşüncənin əsrlər boyu dəyişmədiyini vurğulayıblar. Ədəbiyyatın həmişə sərhədləri aşdığı bildirilib.
Daha sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib: Səid Muğanlı, Ünal Kar, Elşad Barat, Reyhan Şıxlı, Sabir Nəbioğlu (ölümündən sonra), Esmira Fuad, Mərdan Əzimov, Səxavət Sahil, Mehman Qaraxanlı, Pərvanə Məmmədli “Səməd Behrəngi” ədəbi müsabiqəsinin qalibləri seçiliblər.
Sonda xalq şairi Söhrab Tahir mükafat alanları təbrik edib, belə tədbirlərin mütəmadi olmasını arzulayıb.