SİYASƏT
Səməd Seyidov: AŞPA-nın payız sessiyası Azərbaycan üçün uğurlu oldu
Strasburq, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın prezidenti Pedro Aqramunt ilə görüşüb.
Görüşdə payız sessiyasında müzakirə olunan mövzular, səsləndirilən bəyanatlar, irəli sürülən təkliflər, verilən qərarlarla bağlı məsələlər diqqət mərkəzində olub.
Səməd Seyidov jurnalistlərə müsahibəsində AŞPA-nın bir neçə komitəsinin rəhbərləri ilə gələcəkdə bəzi komitə iclaslarının Azərbaycanda keçirilməsi barədə razılıq əldə olunduğunu qeyd edib. O, bu istiqamətdə əməkdaşlığın yeni mərhələsinin başlandığını və bununla bağlı Azərbaycan nümayəndə heyətinin bütün lazımi işləri gördüyünü vurğulayıb.
Nümayəndə heyətinin rəhbəri AŞPA-nın payız sessiyasının Azərbaycan üçün uğurlu olduğunu diqqətə çatdırıb. O deyib ki, sessiyada Azərbaycanda keçirilmiş referendumla bağlı müsbət fikirlərin səsləndirilməsi, Avropa İnsan Haqları Məhkəməsinə ölkəmizdən yeni hakimin seçilməsi, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, gələcəkdə bir sıra komitə iclaslarının Bakıda keçirilməsi barədə razılıq əldə edilməsi və s. məsələlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl çıxışında qeyd etdiyi məqamların birbaşa təsdiqidir. Dövlətimizin başçısının bildirdiyi kimi, beynəlxalq təşkilatlar nəinki ölkəmizlə əməkdaşlıq etməkdə maraqlıdırlar, onlar bu əməkdaşlığı həyata keçirmək üçün konkret təşəbbüslər irəli sürürlər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq