SİYASƏT


Səməd Seyidov: AŞPA üzvləri Dağlıq Qarabağa qeyri-qanuni səfər edəndə qurumun etimadı məsələsi niyə qaldırılmadı?

Strasburq, 27 iyun, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ikinci iş günündə assambleyanın məsuliyyət prinsiplərinin tanınması və tətbiqinə dair debatlar keçirilib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov debatlarda çıxış edərək deyib: “Biz bu təşkilatda aparılan islahatları həmişə dəstəkləmişik və dəstəkləyirik. Dəfələrlə monitorinq komitəsində, digər komitələrdə, eləcə də Parlament Assambleyasında qaydaların dəyişdirilməsinin vacibliyindən danışmışıq. Bu gün təşkilatın etimad və etibarından danışırıq. Ancaq anlaşılmazdır ki, AŞPA-nın vitse-prezidenti Rene Ruke Azərbaycanın işğal altında olan torpaqlarına - Dağlıq Qarabağ ərazisinə qeyri-qanuni səfər edəndə heç kim bu məsələni qaldırmadı. Assambleyanın digər üzvləri, rəsmiləri Krıma səfər edəndə yenə də təşkilatın etimadı sual olunmadı, bundan danışılmadı. Lakin indi biz bu məsələyə böyük əhəmiyyət veririk. İki sualım var: keçmişdə oxşar hallar olubmu? Bəli, olub, özü də bir neçə dəfə olub. Rusiya Federasiyasının nümayəndəsi AŞPA-ya sədr seçiləndə bu təşkilatın qaydaları dəyişdirildi. Üçillik mandat iki il müddətinə endirildi. Bu gün söhbət hansısa islahatdan getmir, bir şəxslə münasibətdən gedir. Qaydaları dəyişək, amma bu təşkilatda dəyişiklikləri 47 ölkəyə müvafiq aparmalıyıq, hansısa bir şəxsi cəzalandırmaq üçün yox.

Əgər bu məruzə təşkilatın gələcəkdə səmərəli fəaliyyət göstərməsinə yönəlsəydi, biz həmin məruzəni dəstəkləyərdik. Təəssüf ki, bu məruzənin məqsədi daha çox bir şəxsi cəzalandırmaq üçün bütün hüquq normalarının əleyhinə olaraq geriyə tətbiq üzərində qurulub. Məsuliyyətli olmalıyıq. Bu sənəd təşkilatın imicinə xidmət etməlidir. Əks təqdirdə, müsbət təsiri olmayacaq.

Məruzə üçün danışıqlara Ermənistanın üç nümayəndəsi yazılıb. Əlbəttə, söz azadlığı var, amma sual olunur, nəyə görə Ermənistan nümayəndələri bu məruzəni bu qədər müdafiə edirlər? Çünki onlar bu məruzədən öz maraqları üçün istifadə etmək istəyirlər”.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.