SİYASƏT
Səməd Seyidov: Avropa Parlamentinin bu qətnaməsinə layiqli cavab verilməlidir
Bakı, 14 sentyabr, Əsəd Məmmədov, Xalid Məmmədov, AZƏRTAC
Avropa Parlamentinin bu qətnaməsi Milli Məclisdə çox ciddi müzakirə olunmalı və ona layiqli cavab verilməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin sentyabrın 14-də keçirilən növbədənkənar iclasında parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
Səməd Seyidov bildirib: “Avropa Parlamenti tələsik, seçki qabağı, böhtan və yalanlarla dolu bu qətnaməni qəbul etməklə öz nüfuzuna böyük zərbə vurdu. Bəlkə də uzun müddət bu zərbənin altından çıxa bilməyəcək. Bundan sonra onların deyəcəkləri sözlər, qəbul edəcəkləri qərarlar heç bir ciddi əhəmiyyət kəsb edə bilməz. Ona görə ki, yalnız Azərbaycanın yox, bütün dünyanın, Avropanın gözü qarşısında onlar ölkəmizə qarşı təhrikçi və məsuliyyətsiz bir addım atdılar. Sual olunur, niyə Avropa deputatları manipulyasiya edərək haqq sözə qulaq asmadılar? Bunun yalnız bir səbəbi var: Azərbaycan müstəqil siyasət apararaq, dünyada söz sahibinə çevrilib. Dövlətimiz kiminsə diktəsi ilə deyil, öz xalqının maraqları ilə hərəkət edir. Ən əsası isə bu gün Azərbaycan iqtidarı işğal edilmiş torpaqlarını ATƏT-in Minsk qrupundan, Avropa Parlamentindən kənar azad etmək iqtidarındadır. Budur onları qorxuya salan.
Biz beynəlxalq təşkilatlar vasitəsilə öz problemlərimizi dünyaya çatdırmaq və nəticədə bu məsələləri həll etmək istəyirik. İnsan haqlarını müzakirə edəndə biz qaçqınları, demokratiya deyəndə bərabərliyi, qanunun aliliyini fikirləşəndə beynəlxalq qanunun aliliyini düşünürük. Amma bu qətnamə insan hüquqları pərdəsi altında müstəqil dövlətin məhkəmə sisteminə zərbə vurmaq cəhdlərini göstərdi. Demokratiya deyəndə islamofobiya, irqçilik, qeyri-tolerantlıq kimi məsələlərin gündəmə gəlməsini gördük. Qanunun aliliyi deyəndə isə separatçı qüvvələrlə, terrorçularla birgə oturub iş görməyi gördük.
Biz dövlətimiz, milli maraqlarımız naminə öz sözümüzü deməliyik. Avropa Parlamentində sağlam qüvvələrlə birləşib orada korrupsiyaya uğramış lobbiçilik qruplarını ifşa etməliyik”.