SİYASƏT
Səməd Seyidov: Qanunun aliliyindən danışan AŞPA özü bu prinsipə riayət etmir
Strasburq, 25 aprel, AZƏRTAC
Azərbaycan nümayəndə heyəti AŞPA-nın yaz sessiyasına çox fəal hazırlaşıb. Çıxış edən millət vəkilləri Azərbaycanda keçirilən mühüm tədbirlər, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları, ölkəmizin inkişafı, ən ağrılı problemimiz olan torpaqlarımızın işğalı kimi vacib məsələləri avropalı parlamentarilərə çatdırırlar.
Bu fikirləri AZƏRTAC-müsahibəsində Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
“Bu, işimizin əsas mahiyyətidir. Amma təəssüf ki, AŞPA özü bu gün böhran içindədir. Dünən AŞPA-da onun sədri ilə bağlı baş verən hadisələr göstərdi ki, qanunun aliliyindən danışan təşkilat özü qanunun aliliyinə lazımi qədər riayət edə bilmir. Prosedur qaydaları, ümumiyyətlə, bu istiqamətdə qəbul olunmuş hər hansı hüquqi çərçivə olmadığı halda, AŞPA sədrinin vəzifəsindən uzaqlaşdırılması cəhdi göz qabağında idi. Bu, bizim AŞPA-ya və ümumiyyətlə, Avropa Şurasına olan inamımızı zəiflədir. Ancaq bütün bunlara baxmayaraq, bizim mövqeyimiz olduğu kimi qalır, Azərbaycanın maraqlarını Avropa Şurası tribunasından ən yüksək səviyyədə müdafiə edəcəyik. Əlimizdə olan faktlar, araşdırmaların nəticələri, millət vəkillərinin çıxışları, ümumiyyətlə, əlaqələrimiz ona dəlalət edir ki, bu sessiyada Azərbaycanla bağlı vacib məsələləri, ölkəmizin maraqlarını yüksək səviyyədə Avropa deputatlarına çatdıracağıq”, - deyə Səməd Seyidov qeyd edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq