SİYASƏT


Səməd Seyidov: Türkiyə xalqı təkcə öz ölkəsi üçün yox, bütün dünyada demokratiya və dəyərlərimiz uğrunda mübarizə apardı

A+ A

Strasburq, 13 oktyabr, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının üçüncü iş günündə plenar iclasda “Türkiyədə vəziyyət dövlət çevrilişinə cəhd kontekstində” mövzusunda debatlar aparılıb.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov debatlarda çıxış edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Türkiyəni tənqid edən Ermənistan nümayəndə heyətinin üzvlərinə cavab verərək, erməni tərəfinin davranışını qəbuledilməz və riyakarlıq adlandırıb. O, AŞPA-nın üzvü olan bir dövlətin çevriliş cəhdi təhlükəsi ilə üzləşdiyini, şəhərlərinin küçələrində güllə-baran baş verdiyini, tankların atəş açdığını, insanların həlak olduğunu bildirib.

Komitə sədri qeyd edib ki, əslində Türkiyə xalqı təkcə öz ölkələri üçün yox, bütün dünyada demokratiya və dəyərlərimiz uğrunda mübarizə apardı. Ancaq Türkiyənin daxilində terroristlər hakimiyyətə gəlmək üçün ölkədə mövcud demokratik vəziyyətdən sui-istifadə etdilər.

Səməd Seyidov bildirib ki, Türkiyə xalqı həmişə demokratiyanın tərəfdarıdır və bu da ölkədə demokratiyanın əsas təminatıdır. Bu hadisələrə qarşı olan reaksiyalar göstərir ki, Türkiyə hökuməti, parlamenti ölkədə demokratiyanın möhkəmlənməsi üçün bütün imkanlardan istifadə etməyə çalışır.

Türkiyə hazırda üç təhlükə ilə üzləşib. Ölkə daxilindəki terrorçu təşkilatlar demokratik ab-havadan yararlanmağa çalışır, Türkiyə təkcə FETÖ-ya qarşı deyil, eyni zamanda, ölkədəki demokratik azadlıqları sarsıtmağa çalışan İŞİD və PKK terrorçu təşkilatları ilə də kəskin mübarizə aparır. Eyni zamanda, təhlükə təkcə ölkə daxilindən yox, elə əyləşdiyimiz təşkilatdan gəlir, çünki biz burada ikili standartların şahidi olduq.

“Mənim ölkəmin ərazilərini işğal edən bir ölkə Türkiyədə demokratiyanın olmadığını iddia edərək onun ünvanına tənqidlər yağdırır. Bu, qəbuledilməzdir və riyakarlıqdır”, - deyə Səməd Seyidov vurğulayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.