MƏDƏNİYYƏT
“Səməd Vurğun ürəklərdədir” mövzusunda tədbir keçirilib
Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 23-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında Xalq Şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr edilən “Səməd Vurğun ürəklərdədir” mövzusunda seminar-məşğələ keçirib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə böyük şairin poeziyasından, dramaturgiyasından və elmi-publisistik əsərlərindən söhbət açılıb. Çıxış edənlər Səməd Vurğunu insan duyğularını dilə gətirən, zəmanəsini düşündürən, bəşəri ideyalar tərənnüm edən qüdrətli sənətkar kimi səciyyələndiriblər.
Tədbirdə fəal oxucular şairin vətənpərvərlik mövzusunda əsərlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Sonda tədbir iştirakçılarına metodiki şöbənin hazırladığı “Səməd Vurğun ürəklərdədir” adlı metodik və biblioqrafik vəsaitlər paylanılıb.