MƏDƏNİYYƏT
Səməd Vurğunun dünyasını dəyişdiyi gündən 60 il ötür
Bakı, 27 may, Zərəngiz Mansurova, AZƏRTAC
Mayın 27-də Fəxri xiyabanda Xalq Şairi Səməd Vurğunun anma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, akademik Teymur Bünyadov, filologiya elmləri doktoru Rüstəm Kamal və başqaları şairin ümumbəşəri ideyalarla zəngin yaradıcılığından, Vətən gözəlliklərini sevə-sevə şeirə gətirməsindən, ona bəslənən ümumxalq məhəbbətindən danışıblar.
Çıxış edənlər bildiriblər ki, cəmi yarım əsrlik ömür yaşasa da, Səməd Vurğunun ədəbi irsi hər dövrdə aktuallığını qoruyub. Şairin poeziyası bu gün də yazıçı və oxucu nəslinin milli ruhunun, bədii təfəkkürünün formalaşmasına öz təsirini göstərir, onun şair obrazı isə hafizədən-hafizəyə köçürülərək, yaddaşlarda yaşayır. Şairin yazlığı “Zəncinin arzuları”, “Muğan”, “Aygün” poemaları, “Vaqif”, “Fərhad və Şirin” dramları dünya ədəbiyyatının dəyərli inciləridir. Səməd Vurğunun yaşadığı dövrün tələblərinə uyğun qələmə aldığı misralarına da yüksək bədii-estetik üslub hakimdir.
“AYTAM” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin üzvləri şairin şeirlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Sonda şairin ev-muzeyinin direktoru Nüşabə Vəkilova mərasim iştirakçılarına minnətdarlığını bildirib, Azərbaycan xalqı yaşadıqca Səməd Vurğunun da xalqın ürəyində, əsərlərinin isə hafizələrdə yaşayacağını söyləyib.