MƏDƏNİYYƏT


Səmərqənd Dövlət Universitetində Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinə dair konfrans keçirilib

Səmərqənd, 19 iyun, AZƏRTAC

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi və təşkilatçılığı, Səmərqənd Dövlət Universiteti, Azərbaycan diaspor təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin dəstəyi ilə Səmərqənd şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinə dair elmi-praktik konfrans keçirilib.

Konfransda Səmərqənd Dövlət Universitetinin, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professor və müəllim heyəti, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri, tələbələr iştirak ediblər.

Səmərqənd Dövlət Universitetinin birinci prorektoru Alişer Eşdayev tədbirdə çıxış edərək Özbəkistanla Azərbaycan arasında mədəni-ədəbi əlaqələrin tarixinin qədim dövrlərə təsadüf etdiyini, xalqlarımızın bir-birinə tarixi yaxınlığı olduğunu bildirib, dil, din, mədəniyyət, incəsənət birliyimizin əlaqələrimizi daha dərin və möhkəm etdiyini söyləyib. O, Özbəkistanda Azərbaycan mədəniyyətinə, ədəbiyyatına böyük maraq olduğunu deyib, Azərbaycan şairlərinin sevə-sevə oxunduğunu diqqətə çatdırıb. İki ölkə arasında mədəni-ədəbi əlaqələrin hər zaman öyrənilməsinin vacib olduğunu bildirən natiq elmi konfransın əhəmiyyətindən danışıb.

AMM-in direktoru Samir Abbasov qədim dövrlərdən başlanan və bu gün də uğurla davam edən Azərbaycan-Özbəkistan əlaqələri haqqında məlumat verib, bu əlaqələrin yüksək səviyyəyə çatmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Özbəkistanın birinci Prezidenti İslam Kərimovun xüsusi xidmətləri olduğunu qeyd edib. O, Azərbaycanın və Özbəkistanın tarixi İpək Yolunun üzərində yerləşdiyini söyləyib, ölkələrimiz arasındakı oxşarlıq haqqında danışıb, xalqlarımızın tanınmış simaları Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Babur, Nəsimi, Qafur Qulam, Səməd Vurğun və başqa şəxslərin bu əlaqələrdəki rolu barədə məlumat verib. S.Abbasov ədəbiyyatımızın və mədəniyyətimizin bir-biri ilə qarşılıqlı olaraq zənginləşdiyini və inkişaf etdiyini qeyd edib.

Sonra o, universitetin kitabxanasına Azərbaycan Mədəniyyət Mərkəzi adından “İrəvan xalçaları” kitabını hədiyyə edib.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov iki ölkə arasında əlaqələrin tarixindən, bu istiqamətdə son 5 ildə AMM-in həyata keçirdiyi layihələrdən danışıb, qurumun təşəbbüsü ilə çoxsaylı nəşrlərin işıq üzü gördüyünü, iki ölkənin mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri, təhsil müəssisələri arasında əlaqələrin genişləndirildiyini qeyd edib.

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurova müasir dövrdə Azərbaycan-Özbəkistan ədəbi əlaqələri haqqında çıxış edib. O, yaxın günlərdə Bakıda Özbəkistanın Xalq Şairi Camal Kamalın 80 illik yubileyinin geniş qeyd olunduğunu, yüksək səviyyədə qarşılandıqlarını diqqətə çatdırıb, Bakıda yazdığı “Azərbaycan” şeirini oxuyub. Şeir konfrans iştirakçılarının alqışlarına səbəb olub.

Çıxış edən digər natiqlər - Səmərqənd Dövlət Universitetinin professoru, tarixçi alim İlhamcan Saidov, Termez Dövlət Universitetinin doktorantı Abidcan Şafiyev iki xalq arasında mədəni-ədəbi əlaqələrə dair geniş məruzələr ediblər.

Tədbirdə Özbəkistanın və Tacikistanın əməkdar artisti Asadulla Ataullayev böyük Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəlinə yazdığı musiqi parçasını tarda ifa edərək oxuyub.

Tədbirin sonunda AMM-in təqdimatı ilə Azərbaycanın Turizm və Menecment Universitetinin təqdimatı keçirilib və mərkəz tərəfindən Azərbaycana dair hazırlanmış kitab kolleksiyası Səmərqənd Dövlət Universitetinə hədiyyə edilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Səmərqənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.