MƏDƏNİYYƏT
Səmərqənddə keçirilən “Şərq təranələri” ХI beynəlxalq musiqi festivalında Azərbaycan da təmsil olunur
Səmərqənd, 26 avqust, AZƏRTAC
Avqustun 25-də qədim Səmərqənd şəhərində iki ildən bir keçirilən “Şərq təranələri” ХI beynəlxalq musiqi festivalının təntənəli açılış mərasimi olub.
Festivalda dünyanın 60-a yaxın ölkəsindən 280 musiqiçi və musiqi nəzəriyyəçisi iştirak edir.
Bu böyük musiqi bayramında ölkəmizi beynəlxalq və respublika müsabiqələri laureatı, “Muğam-2007” televiziya müsabiqəsinin iştirakçısı, Azərbaycanın Əməkdar Artisti, tarzən Sahib Paşazadə təmsil edir. O, “Muğam dünyası” layihəsinin daimi iştirakçısıdır, yaratdığı xalq çalğı alətləri ansamblının bədii rəhbəri, Prezident təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının dosentidir.
Sahib Paşazadə bir çox beynəlxalq mükafatların sahibidir. O, “Ağcaqayın yarpağı” adlı beynəlxalq qran-pri mükafatına, Kanadanın Niaqara şəhərində keçirilən beynəlxalq musiqi festivalında isə “Tarın Paqaninisi” tituluna layiq görülüb.
Xatırladırıq ki, 1997-ci ildə keçirilən birinci festivalda Simarə İmanova qran-pri mükafatına layiq görülüb. Ayrı-ayrı vaxtlarda xanəndə Alim Qasımov, həmçinin Aygün Bəylər, Qoçaq Əsgərov festivalda birinci, Zabit Nəbizadə ikinci yerlərə layiq görülüblər.
Festival avqustun 31-dək davam edəcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Səmərqənd