MƏDƏNİYYƏT


Səmərqənddə tanınmış azərbaycanlı heykəltəraşın yaşadığı binada barelyefinin açılışı olub

Səmərqənd, 26 iyun, AZƏRTAC

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsinə əsasən Səmərqənd şəhərində keçirilən Azərbaycan Mədəniyyət Günləri çərçivəsində azərbaycanlı heykəltəraş Eynulla Əliyevin yaşadığı binada barelyefinin açılışı olub.

Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi, Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov xarici ölkələrdə yaşayan tanınmış yaradıcı soydaşlarımızın irsinin təbliğinin, dünyadan köçənlərin xatirəsinin əbədiləşdirilməsinin Azərbaycan dövlətinin diqqətində olduğunu bildirib. Qeyd olunub ki, bu ölkədə elm, mədəniyyət, incəsənət sahəsində bir çox tanınmış azərbaycanlı fəaliyyət göstərib. Azərbaycanlıların Özbəkistanın ictimai həyatında aktiv olduqlarını qeyd edən diplomat, belə şəxslərin öz fəaliyyətləri, yaradıcılıqları ilə iki xalq və dövlət arasında möhkəm dostluq körpüsü yaratdıqlarını söyləyib.

Samir Abbasov heykəltəraş Eynulla Əliyevin həyat və yaradıcılığı haqqında söhbət açıb, onun xidmətlərini yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2010-cu ilin sentyabrında Özbəkistana səfəri zamanı Eynulla Əliyevin Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən fərdi sərgisi ilə tanış olub.

Eynulla Əliyev uzun müddət Özbəkistan Rəssamlıq Akademiyasının Səmərqənd vilayət şöbəsinin rəhbəri olub və onun daş, mis, bürünc və ağacdan yaratdığı nadir əsərlər Özbəkistan, Rusiya və digər ölkələrin məşhur muzeylərində saxlanılır.

Azərbaycanlı heykəltəraş böyük özbək şairi Əlişir Nəvainin 550 illik yubileyi münasibətilə Daşkənddə ucaldılan möhtəşəm abidənin həmmüəllifidir. O, həmçinin Özbəkistanın bir sıra şəhərlərində də ucaldılan bəzi abidələrin müəllifi kimi tanınır. 1977-ci ildə isə Daşkənddə metronun "Mirzə Uluqbəy" stansiyasının döymə misdən dizaynını işləyərək, ölməz əsər yaradıb.

Bildirilib ki, barelyefi Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Özbəkistanın tanınmış heykəltəraşı, professor Marina Borodinova hazırlayıb.

Səmərqənd Vilayəti üzrə Azərbaycan diaspor təşkilatının rəhbəri Adilağa Mirzəyev Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsinin önəmindən, bunun milli mədəniyyətimizin təbliği istiqamətində yaxşı imkanlar açmasından danışıb. O, azərbaycanlı memarların Səmərqənddə hələ orta əsrlərdə Əmir Teymur zamanında bir çox abidələrin inşasında xüsusi əməkləri olduğunu söyləyib.

Özbəkistan Rəssamlıq Akademiyasının Səmərqənd Vilayəti üzrə rəhbəri, Eynulla Əliyevin qızı Yaqut Əliyeva Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirib, Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib. O, Özbəkistanda Eynulla Əliyevin yaradıcılığına yüksək qiymət verildiyini, onun Həmzə Həkimzadə Niyazi adına Dövlət Mükafatına layiq görüldüyünü, habelə əsərlərinin Özbəkistan Dövlət Muzeyində saxlanıldığını və nümayiş etdirildiyini vurğulayıb.

Yaqut Əliyeva atasının dünya şöhrətli “Asel” əsərinin müəllif surətini Azərbaycan Mədəniyyət Mərkəzinin muzeyinə hədiyyə etdiyini deyib.

Professor Yusif Abdullayev Eynulla Əliyevin əsərlərinin nəinki Daşkənd və Səmərqənddə, həmçinin Bakı, Almatı, Moskva, Helsinki, Vaşinqton, San-Fransisko və dünyanın digər şəhərlərində təşkil olunan sərgilərdə nümayiş etdirildiyini bildirib.

Qeyd edək ki, layihəyə Azərbaycanın Özbəkistandakı səfirliyi, Azərbaycan Milli Mədəniyyət Mərkəzi, Səmərqənd Vilayət hakimiyyəti təşkilati dəstək göstərib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Səmərqənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.