İQTİSADİYYAT
Seminar-məşğələdə gənc nəslə vergi sahəsində biliklər aşılanıb
Bakı, 3 sentyabr, AZƏRTAC
Vergilər Nazirliyinin Tədris Mərkəzində 49 metodist müəllimin iştirakı ilə seminar-məşğələ təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu layihələr gənc nəslin vergilər haqqında bilik və anlayışlarının artırılması, onlarda yüksək vergi mədəniyyətinin formalaşdırılması məqsədilə Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihələr sırasında ümumtəhsil məktəblərində və orta ixtisas peşə liseylərində təşkil edilmiş vergilərə dair 56 ixtisaslaşdırılmış metodiki kabinet və tədris otaqları xüsusi yer tutur.
Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov gənc nəslə vergi sahəsində biliklərin aşılanması istiqamətində görülən işlərdən söz açaraq, nazirliyin bu istiqamətindəki fəaliyyətinin davamlı olduğunu nəzərə çatdırıb.
Seminar-məşğələdə Vergilər Nazirliyinin mütəxəssisləri tərəfindən vergi ödəyicilərinə təqdim olunan xidmətlər, metodiki kabinetlərdə şagird və tələbələr üçün tövsiyə olunan mövzular barədə təqdimatlar edilib.