CƏMİYYƏT
Seminar-müşavirənin iştirakçıları Heydər məscidi ilə tanış olublar
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 12-də Bakıda ölkəmizin şəhər, rayon icra hakimiyyəti başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavinləri-dini qurumlarla işin təşkilatçıları Heydər məscidi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, qonaqlara məscid barədə məlumat verilib. Bildirilib ki, tikintisinə 2012-ci ilin sentyabr ayında başlanılan Heydər məscidi 2014-cü il dekabrın 26-da istifadəyə verilib. Prezident İlham Əliyevin tapşırığı ilə inşa olunan məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub. Diqqətə çatdırılıb ki, ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir.