ELM VƏ TƏHSİL
Seminar tədris proqramının təlim nəticələrinin hazırlanması mövzusuna həsr olunub
Bakı, 4 sentyabr, AZƏRTAC
Avropa Komissiyasının texniki yardım missiyası çərçivəsində Xəzər Universitetində tədris proqramının təlim nəticələrinin hazırlanmasına dair seminar keçirilib.
Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, iki gün davam edən seminarın açılışında bu ali təhsil ocağının rektoru, professor Həsən Niknafs və Azərbaycanda Milli “Erasmus+” ofisinin rəhbəri Pərviz Bağırov seminarın əhəmiyyətindən danışıb, onun işinə uğurlar arzulayıblar.
Sessiyalar Suonsi Universitetinin akademik əməkdaşlıq üzrə direktoru, Böyük Britaniya üzrə Bolonya mütəxəssisi, Avropa üzrə Ali Təhsil İslahatları mütəxəssisi tərəfindən aparılıb.
Xəzər Universitetinin rəhbərliyi, akademik departament və fakültələrin rəhbərləri, eləcə də, Azərbaycanın digər universitetlərinin nümayəndələri tədris proqramının təlim nəticələrinin hazırlanması çərçivəsində tələb olunan bacarıqları inkişaf etdirmək üçün seminardan faydalanıblar.