ELM VƏ TƏHSİL
Seminarda 2016-cı ildə ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları üçün proqram müzakirə olunub
Bakı, 10 oktyabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) coğrafiya fənni üzrə elmi-metodiki seminar keçirilib.
TQDK-dan AZƏRTAC-a bildirilib ki, gündəlik məsələ seminarın iş planı və 2016-cı ildə ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları üçün proqramın müzakirəsi olub.
Seminarda Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri, həmçinin internet vasitəsilə onlayn rejimdə TQDK-nın Gəncə, Şəki, Göyçay və Ağcabədi regional bölmələrində həmin bölgələri təmsil edən fənn müəllimləri də iştirak ediblər. İştirakçılar gündəlik məsələ ilə bağlı fikir bildirib, təkliflər veriblər.
Növbəti seminarda proqramın müzakirəsi davam etdiriləcək və 2015-ci ildə ali təhsil müəssisələrinə ikinci ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının elmi-metodiki təhlili aparılacaq.