ELM VƏ TƏHSİL
Seminarda elmi-tədqiqat işinin strukturu və metodoloji parametrləri müzakirə edilib
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) doktorant, magistrant və gənc tədqiqatçıların iştirakı ilə “Elmi-tədqiqat işinin strukturu və metodoloji parametrləri” mövzusunda seminar keçirilib.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, seminarda magistrlik dissertasiyasının elmi və tətbiqi əhəmiyyətini müəyyənləşdirən mövzunun aktuallığı, tədqiqat işinin məqsəd və vəzifələrinin konkretliyi, tədqiqat probleminin elmi sahəsinə görə dissertasiyanın obyekt və predmetinin təyini, magistrlik dissertasiyasının elmi yeniliyini təyin edən göstəricilər, tədqiqatdan alınan elmi nəticələrin tətbiqi, elmi tədqiqat işinin yazılmasında intellektual informasiya sistemlərinin rolu, intellektual potensial və elmi nəticələrin populyarlaşdırılması və müasir elmin inkişaf prioritetləri mövzuları müzakirə olunub.
Seminarda Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının şöbə müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Səltənət Tağıyeva dissertasiya, onun yazılma qaydası və bütünlükdə müzakirə edilən mövzular barədə ətraflı məlumat verib. Seminar geniş fikir mübadiləsi, diskussiya şəraitində keçib.