ELM VƏ TƏHSİL
Seminarda müasir avadanlıq və onların biologiya sahəsində istifadə imkanlarından danışılıb
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda “OPTEC Connecting Solutions” şirkətinin sahələrarası layihələr şöbəsinin müdiri Aleksandr Ulyanenkov, şöbə müdiri Leonid Torçinski, şirkətin Azərbaycan ofisinin təmsilçisi Nataliya Həmzəyevanın iştirakı ilə ”Lazer skanedici mikroskopiya və biostansiya” mövzusunda seminar keçirilib.
İnstitutun elmi informasiya və innovasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, seminarda AMEA-nın Biologiya və Tibb Bölməsinin və digər bölmələrin institutlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə rəhbərlik etdiyi elm müəssisəsində həyata keçirilən geniş profilli elmi-tədqiqat işlərindən və son yeniliklərdən söz açıb.
Sonra “OPTEC” şirkətinin nümayəndələri “Bioimicin nəzəriyyəsi və praktikası: canlı sistemlərin öyrənilməsində lazer skanedici mikroskopiya”, “Hüceyrə kulturasının avtomatlaşdırılması və uzunmüddətli monitorinqinə müasir yanaşmalar” və “Hüceyrələrin tədqiqində skanedici elektron mikroskopiya üçün yeni üsul WESTEM” mövzularında çıxış edərək geniş profilli mikroskoplar, analitik skanerlər kimi bir sıra müasir avadanlıq və onlardan istifadənin əhəmiyyətli nəticələri haqqında ətraflı məlumat veriblər.
Nümayiş etdirilən avadanlıq və onların biologiya sahəsində istifadə imkanları geniş müzakirə edilib və alimlər tərəfindən böyük maraqla qarşılanıb.
Qonaqlar Botanika İnstitutunun yeni açılmış botanika muzeyi ilə də tanış olublar.