ELM VƏ TƏHSİL
Seminarda yaponiyalı professorun məruzəsi dinlənilib
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda “Enerji materiallarının sıxlıq funksional nəzəriyyəsi (SFN) metodu ilə tədqiqi” mövzusunda seminar keçirilib.
İnstitutdan AZƏRTACA-a bildiriblər ki, seminarda bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov mövzunun əhəmiyyətindən söz açıb.
Fizika üzrə fəlsəfə doktoru Elçin Cəfərov seminar iştirakçılarına Yaponiyanın Tohoku Universitetinin professoru Nurbosun Janpesiov barədə məlumat verib. Qeyd olunub ki, əslən Qazaxıstandan olan N.Janpesiov kvant kimyası sahəsində tanınmış alimdir.
Professor N.Janpesiov çalışdığı ali təhsil ocağının 1907-ci ildə yaradıldığını, həmin dövrdə universitetdə cəmi üç fakültənin (kimya, riyaziyyat və fizika) fəaliyyət göstərdiyini vurğulayıb. Universitetin tarixi haqqında ətraflı məlumat verən N.Janpesiov elm ocağının üç əsas prinsipi haqqında danışıb.
Sonra N.Janpesiovun “Enerji materiallarının sıxlıq funksional nəzəriyyəsi (SFN) metodu ilə tədqiqi” mövzusunda məruzəsi dinlənilib.
Mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Seminarda AMEA-nın Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev gələcəkdə fizik, kimyaçı və nəzəriyyəçilərin birgə multidissiplinar fəaliyyətini təşkil etmək məqsədi ilə Beynəlxalq Fizika Mərkəzi, AMEA-nın Fizika və Qeyri-Üzvi Kimya institutları arasında razılıq əldə olunacağına ümidvar olduğunu bildirib. Akademik bu cür seminarların tez-tez təşkil olunmasını məqsədəuyğun hesab edib.
Seminarda Beynəlxalq Fizika Mərkəzinin əməkdaşı, fizika - riyaziyyat elmləri doktoru Yevgeni Çulkov iştirak edib.