REGİONLAR


Şəmkir-Ağstafa turu “Qafqaz Albaniyasını öyrənirik” layihəsinin yeni səhifələrindəndir

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycan tarixinin qədim və erkən dövrlərini əhatə edən Qafqaz Albaniyası ölkə ictimaiyyətinin nəzər-nöqtəsindədir. Politeist və monoteist konfessiyaları yaşayan Qafqaz Albaniyası Azərbaycan tarixçiləri və arxeoloqları tərəfindən diqqətlə öyrənilir, tariximizin açılmamış səhifələri araşdırılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi bu istiqamətdə aparılan tədqiqatlara marağı daha da artırıb. Alim-tədqiqatçıların əldə etdikləri elmi nəticələri tələbələrin və ölkə ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə oktyabrın 14-dən 16-dək Şəmkir–Ağstafa rayonlarına respublikanın bir qrup alim və tələbələrin iştirakı ilə “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində səfər təşkil olunub.

AZƏRTAC xəbər verir ki, oktyabrın 14-də səfər iştirakçıları Gəncədə Nizami məqbərəsini və Cavadxanın məzarını ziyarət edib, Şəmkir rayonu ilə tanış olub, Azərbaycan tarixinin alman səhifələrinin izlərindən olan Şəmkir şəhərində yerləşən Kirxaya gediblər.

Daha sonra rayonun Heydər Əliyev Mərkəzində “Azərbaycan multikulturalizmi” proqramı çərçivəsində “dəyirmi masa” təşkil olunub, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri, fəlsəfə doktoru Rəşad İlyasov Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin təşəbbüsü və redaktorluğu ilə nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının və 2016-cı il 1 saylı “Multikulturalizm” ədəbi-bədii, elmi-publisistik jurnalının təqdimatı ilə bağlı çıxış edib. Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Məleykə Əlizadə qonaqları salamlayaraq, onları rayonda olan alban abidələri ilə bağlı məlumatlandırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri Hacı Abdullanın moderatorluğu ilə keçirilən “dəyirmi masa”da AMEA-nın alimləri Mübariz Xəlilov, İmaş Hacıyev və Ülviyyə Hacıyeva Azərbaycan multikulturalizminin qədim laylarından olan alban abidələri haqda apardıqları araşdırmalar barədə məlumat veriblər. “Dəyirmi masa”da AMEA-nın alim–arxeoloqları, sənətşünasları, tarixçiləri alban abidələri haqda apardıqları araşdırmalar əsasında tədbir iştirakçılarına maraqlı məlumatlar verib, tarix elmləri doktoru Tarix Dostiyev qədim Şəmkir şəhəri haqqında məruzə ilə çıxış edib.

Səfərin ikinci günündə səfər iştirakçıları yerli ictimaiyyət nümayəndələri ilə birgə Şəmkir rayonunun Muxtariyyə kəndinin şimalında Şəmkirçayın sol sahilində yerləşən, Qafqaz Albaniyasının qədim şəhərlərindən olan Şəmkir şəhərinin xarabalıqlarını ziyarət ediblər. Səyahət zamanı bələdçi, tarix elmləri doktoru Tarix Dostiyev tur iştirakçılarının diqqətinə çatdırıb ki, Şəmkir orta əsrlərdə Arran memarlıq məktəbinin mühüm mərkəzlərindən biri olub, ərəb yürüşləri dövründə, yəni VII əsrin ortalarında özünün yüksəliş dövrünü yaşayıb. IX əsrin ikinci yarısı – X əsrdə mühüm sənətkarlıq və ticarət mərkəzinə çevrilən şəhərin çiçəklənmə dövrü XI-XII əsrlərə təsadüf edib. Şəmkir şəhərinin inkişaf ahəngini monqol işğalı pozmuş, 1236-cı ildə şəhəri ələ keçirən müdaxiləçilər onu xarabazara çevirmişdir.

Şəmkir şəhərinin xarabalıqlarının ziyarətindən sonra tur iştirakçıları Ağstafa rayonuna yollanıblar. Ağstafa şəhərindəki Yazıçılar Evində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri, fəlsəfə doktoru Rəşad İlyasovun moderatorluğu ilə keçirilən “dəyirmi masa”da Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin təşəbbüsü və redaktorluğu ilə nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının və 2016-cı il 1 saylı “Multikulturalizm” ədəbi-bədii, elmi-publisistik jurnalının təqdimatı keçirilib.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin məsul işçisi Əziz Məsmalıyev qonaqları salamlayaraq, onları rayonda olan alban abidələri ilə bağlı məlumatlandırıb. “Dəyirmi masa”da "Keşikçidağ" mağara-məbədlər kompleksi haqqında sənətşünaslıq üzrə fəlsəfə doktoru İmaş Hacıyev, tarix üzrə fəlsəfə doktoru Anar Ağalar-zadə maraqlı məruzələrlə ilə çıxış ediblər. AMEA-nın alimi Mübariz Xəlilov isə alban abidələri haqda apardıqları araşdırmalar barədə məlumat verib.

Səfərin üçüncü günündə elmi turun iştirakçıları Azərbaycanın maddi-mədəni irsi - Qafqaz Albaniyasının abidələrinin qiymətli nümunələrindən olan, Ağstafa rayonunun Böyük-Kəsik kəndindən 28 kilometr aralıda yerləşən, Prezident İlham Əliyevin 2007-ci il 19 dekabr tarixli Sərəncamı ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilən abidəyə yollanıblar. Qoruğa səyahət sənətşünaslıq üzrə fəlsəfə doktoru İmaş Hacıyev, tarix üzrə fəlsəfə doktoru Anar Ağalar-zadə, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaqulovun bələdçiliyi ilə keçib. Azərbaycan Respublikasının ali məktəblərində təhsil alan bir qrup tələbə və

professor-müəllim heyəti erkən orta əsrlər dövrünə məxsus alban abidəsi ilə tanış olublar. Qoruğun ərazisində 70-dək mağara, ilkin orta əsrlərə aid bir qala, bir məbəd və bir inanc yerinin olması səfər iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin qoruğun ərazisində hündür yüksəkliklərdən biri olan Azərbaycan Prezidentinin şərəfinə adlandırılan "İlham Əliyev adına zirvə" tur iştirakçılarına göstərilib.

Bələdçilər Azərbaycan tarixinin həqiqətlərini səfər iştirakçılarının diqqətinə çatdıraraq bildiriblər ki, buradakı təbii mağaraların yaşı 2 min ili keçir və Azərbaycan multikulturalizminin ilkin qatlarını təşkil edir. Belə ki, bu məkan xalqımızın ulu əcdadlarının xristianlığa qədərki inancları ilə bağlı olmuş, bütpərəst əhali - aya, günəşə tapınanlar dini baxışlarını hifz etmək üçün bu dağlara çəkilib həyat sürmüşlər. Daha sonra atəşpərəstlər dini etiqadlarını davam etdirmək üçün qayalarda çapıb düzəltdikləri mağara-sığınacaqlarda yaşamışlar. Eramızın I-II əsrlərindən başlayaraq, Azərbaycan multikulturalizminin ilkin qaynaqlarını mühafizə edən bu məkana Qüdsdən xristian missionerlər gəlmiş, Qafqaz Albaniyasında xristianlığı təbliğ etmişlər. 313-cü ildə çar Urnayr Qafqaz Albaniyasında xristianlığı rəsmi dövlət dini elan etdikdən sonra memarlıq məziyyətləri ilə diqqəti cəlb edən Alban Apostol kilsəsinin məbədlərinin inşasına başlanmışdı. Bələdçilər onu da diqqətə çatdırıblar ki, VII əsrin ortalarından başlayaraq, Qafqaz Albaniyasında İslam dininin yayılmasına baxmayaraq, xristianlıqdan imtina etməyən albanlar sıldırım qayalarda yerləşən qala tipli tikilini inşa etmişlər.

Qafqaz Albaniyasının sirli dünyasının öyrənilməmiş səhifələrini əyani şəkildə görən elmi turun iştirakçıları Bakıya geri dönüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.