REGİONLAR
“Şəmkir Aqropark” qərb bölgəsində kənd təsərrüfatının inkişafına təkan verəcək
Şəmkir, 29 iyun, Famil Quliyev, AZƏRTAC
Bu ilin oktyabrınadək “Şəmkir Aqropark”ın logistika mərkəzinin çeşidləmə və qablaşdırma kompleksinin, sahəsi 21 min tonluq yeni modern soyuducu anbar kompleksinin, 1 ədəd seleksiya kiçik laboratoriya məntəqəsinin, hər birinin tutumu 1000 ton olan 5 betenin otağının və vahid pəncərə buraxılış məntəqəsinin tikintisi başa çatdırılacaq. Logistika mərkəzi və soyuducu anbar komplekslərinin quraşdırılması üçün Avropa istehsalı olan qurğu və avadanlıqlar tikinti yerinə gətirilib. Hazırda tikinti-quraşdırma işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, 2014-cü il noyabrın 15-də Prezident İlham Əliyevin Şəmkir rayonuna səfəri çərçivəsində təməli qoyulan “Şəmkir Aqropark” MMC-nin nəzdində 604 hektar sahədə müasir istilikxana kompleksi, şitilçilik, tingçilik və intensiv bağçılıq təsərrüfatları, meyvə-tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzləri, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələrinin yaradılması nəzərdə tutulub.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşasına başlanılan Şəmkir aqroparkında kiçik fərdi istehsalçı səviyyəsindən genişmiqyaslı aqrar sənaye istehsalına keçid, innovativ texnologiyaların tətbiqi, xarici bazara stabil və etibarlı çıxışın təmin edilməsi, məhsuldarlığın artırılması və məhsulun saxlanma şəraitinə görə itkilərin azaldılması kimi geniş məqsədlər qarşıya qoyulub. Aqropark yeni elmi nəticələrdən və müasir texnologiyalardan yararlanmaqla yerli məhsulları xarici bazarlarda Azərbaycan brendi ilə təqdim edəcək. Burada, ilk növbədə, kadrların hazırlanması, düzgün aqrotexniki xidmət, sahibkarların məhsuldar şitil və tinglə təmin olunması qarşıya qoyulan vəzifələrdəndir.
“Şəmkir Aqropark”ın icraçı direktoru Zəfər Novruzov AZƏRTAC-a bildirib ki, aqropark qərb bölgəsində kənd təsərrüfatının inkişafına təkan verəcək. Burada kiçik və orta fermerlərlə qarşılıqlı əməkdaşlıq nəzərdə tutulub. İstehsal edilən məhsulun emalı, çeşidlənməsi və vahid brend altında satışı həyata keçiriləcək. Bundan əlavə, fermerlərin istehsal etdiyi məhsulların aqropark tərəfindən saxlanılmasına, satışına kömək göstərəcək və eyni zamanda, fermerlərə imkan yaradılacaq ki, öz təsərrüfat sahələrini daha da inkişaf etdirsinlər.
Aqroparkın sərəncamına verilən 604 hektar ərazinin 350 hektarında intensiv meyvə bağlarının salınması nəzərdə tutulur. Daxili bazarın tələbatı nəzərə alınaraq alma, xurma, armud, şaftalı, üzüm, ərik və gavalı bağlarının salınması üçün də işlər aparılır. Müasir dövrün inkişaf etmiş texnologiyaları tətbiq edilməklə, 20 hektar sahəni əhatə edəcək istixanada hər il 7 min ton pomidor və xiyar istehsalı nəzərdə tutulur. Aqroparkda soyuducu anbar, çeşidləmə və qablaşdırma sexləri fəaliyyət göstərəcək. Burada, həmçinin məhsul ölçüsünə, çəkisinə və rənginə görə çeşidlənəcək. Rayonda mövcud istixanaların təminatı üçün ildə 60 milyon şitil yetişdirilməsi planlaşdırılır. Eyni zamanda, aqroparkda xurma, ərik, üzüm, gavalı, şaftalı və almanın qurudulması üçün də müasir texnologiyalar tətbiq olunacaq. Burada əhalinin ehtiyacı nəzərə alınaraq, müxtəlif meyvə şirələrinin istehsalı da nəzərdə tutulub.