REGİONLAR
“Şəmkir Aqropark”da logistika mərkəzi və soyuducu anbar kompleksləri tikilir
Şəmkir, 29 noyabr, Famil Quliyev, AZƏRTAC
“Şəmkir Aqropark”da 604 hektar sahədə logistika və aqroservis mərkəzləri, müasir istilikxana kompleksi, şitilçilik, tingçilik və intensiv bağçılıq təsərrüfatları, meyvə-tərəvəz emalı zavodları, tara istehsalı fabriki, soyuducu anbar, satış, elmi araşdırma və innovasiya mərkəzləri, otel və müxtəlif infrastruktur müəssisələrinin yaradılması nəzərdə tutulub.
Layihə rəhbəri Murad Abdullayev AZƏRTAC-a bildirib ki, aqroparkda kiçik və orta fermerlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri qurulacaq. Aqropark öz istehsal etdiyi məhsulu, onun emalını, çeşidlənməsi və vahid brend adı altında satışını həyata keçirəcək. Eyni zamanda, fermerlərin istehsal etdiyi məhsulların aqropark tərəfindən saxlanılmasına, satışına kömək göstəriləcək. İş adamlarına təsərrüfat sahələrini daha da böyütmələri üçün imkan yaradılacaq.
Aqroparkın ərazisində 150 hektar intensiv meyvə bağlarının salınması da nəzərdə tutulur. Daxili bazarın tələbatı nəzərə alınaraq alma, xurma, armud, şaftalı, üzüm, ərik və gavalı bağlarının salınması üçün işlər aparılır. Həmçinin müasir texnologiyalar tətbiq edilməklə, 120 hektar sahədə yaradılacaq istixanada hər il 7 min ton pomidor və xiyar istehsalı nəzərdə tutulur. Burada 21 min tonluq soyuducu anbar, çeşidləmə və qablaşdırma sexləri fəaliyyət göstərəcək. Məhsul ölçüsünə, çəkisinə və rənginə görə çeşidlənəcək. Aqroparkda rayonda mövcud istixanaları təmin etmək üçün ildə 60 milyon ədəd şitil də yetişdiriləcək.
Murad Abdullayev qeyd edib ki, ölkəmizə quru meyvə hələ də xaricdən idxal olunur. Bunu nəzərə alaraq, aqroparkda xurma, ərik, üzüm, gavalı, şaftalı və almanın qurudulması üçün müasir texnologiyalar tətbiq ediləcək. Burada, həmçinin meyvə şirələrinin istehsalı da planlaşdırılır.
Gələn il “Şəmkir Aqropark”ın logistika mərkəzinin, çeşidləmə və qablaşdırma sahəsinin, 21 min tonluq modern soyuducu anbar kompleksinin, laboratoriya məntəqəsinin, hər birinin tutumu 1000 ton olan 5 betenin otağının və vahid pəncərə buraxılış məntəqəsinin tikintisi başa çatdırılacaq. Logistika mərkəzi və soyuducu anbar kompleksləri üçün Avropa istehsalı olan bütün avadanlıqlar gətirilib və hazırda tikinti-quraşdırma işləri aparılır.