REGİONLAR
Şəmkir, Beyləqan və Ağcabədi rayonlarının bir neçə yaşayış məntəqəsinə təbii qaz verilib
Bakı, 30 iyul, AZƏRTAC
İyulun 30-da Şəmkir rayonunun Qaraqocalı və Çaylı, Beyləqan rayonunun Allahyarlı və Yuxarı Kəbirli, Ağcabədi rayonunun isə Kəbirli, Aran və Şərəfxanlı kəndlərinə təbii qaz verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Şəmkirin 79 abonenti olan Qaraqocalı kəndinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 4801 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 12 ədəd siyirtmə, 79 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 116 abonenti olan Çaylı kəndinə də ilk dəfə təbii qaz verilib, bu məqsədlə birpilləli sistem əsasında 21 min 236 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 40 ədəd siyirtmə, 116 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Ümumilikdə 326 abonenti olan Beyləqanın Allahyarlı və Yuxarı Kəbirli kəndlərinə ilk dəfə təbii qazın verilməsi üçün isə birpilləli sistem əsasında 16 min 721 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 326 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Ağcabədi rayonunun ümumilikdə 916 abonenti olan Kəbirli, Aran və Şərəfxanlı kəndlərinin yenidən qazlaşdırılması məqsədilə ümumi uzunluğu 69 min 590 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 916 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılib.
Kənd ağsaqqalları və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.