REGİONLAR
Şəmkir bələdiyyələri üçün seminar-müşavirə təşkil olunub
Şəmkir, 22 oktyabr, AZƏRTAC
Şəmkir Rayon İcra Hakimiyyətinin iclas zalında rayon bələdiyyələrinin sədr, müavin və qulluqçularının seminar-müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, seminar-müşavirədə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Şəmkir Regional Ədliyyə Şöbəsinin və icra hakimiyyətinin məsul işçiləri iştirak ediblər.
Seminar-müşavirədə Ədliyyə Akademiyasının cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi, kiçik ədliyyə müşaviri Mətanət Əsgərova, Akademiyanın vəkillərin ixtisasartırma və peşə buraxılışı fakültəsinin baş məsləhətçisi, ədliyyə müşaviri Qalib Məmmədov və məhkəmə hüququ, prokuror və vəkillik fəaliyyəti kafedrasının baş metodisti, I dərəcəli ədliyyə qulluqçusu Samir Nuriyev məruzə ediblər.
Daha sonra rayon bələdiyyələrində vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sistemində işlənməsinin vəziyyəti və qarşıda duran vəzifələr haqda rayon icra hakimiyyəti aparatının şöbə müdiri Abdulla Sadıqov və əməkdaşı Nicat Həsənov ətraflı məlumat veriblər.
Seminar müzakirələrlə davam edib.