REGİONLAR
Şəmkir məktəblisi: “Tur-aksiya regionlarımızı daha yaxşı tanımaq üçün gözəl fürsətdir”
Qəbələ, 17 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
“Ölkəmizin hər bir guşəsini tanımaq istəyirəm. Bizim üçün təşkil edilən bu tur-aksiya çərçivəsində müxtəlif məkanlarla tanışlıqla yanaşı, həm də yeni dostlar qazandığım üçün çox sevinirəm”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” devizi altında Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə keçirilən tur-aksiyanın iştirakçısı, Şəmkir rayon Zaur Abbasov adına tam orta məktəbin XI sinif şagirdi Ülviyyə İsmayılova bildirib. Onun qənaətinə görə, bu tur-aksiyanın daha bir özəlliyi ondan ibarətdir ki, eyni vaxtda 9 şəhər və rayondan olan məktəblilər bir-biriləri ilə ünsiyyət qurmaq imkanı əldə edirlər.
“Bu aksiya mənim üçün yaxşı bir imkan oldu. Mən Qəbələyə ilk dəfədir səfər edirəm. Qəbələ və Şəkinin tarixi barədə kitablarda oxuduğum yerləri bir-bir gəzərək onları əyani şəkildə görmək istəyirəm. Qəbələnin bu qədər heyrətamiz gözəlliyə malik olduğunu bilmirdim. Buranın gözəl təbiəti və turizm obyektləri mənə xoş təəssürat bağışladı və burada gördüklərim barədə Şəmkirə qayıtdıqdan sonra sinif yoldaşlarıma, qohumlarıma da məlumat verəcəyəm”.
Ülviyyə İsmayılova qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən bu aksiya regionlarımızı daha yaxşı tanımaq üçün gözəl fürsətdir. O, şagirdlər adından onlara bu imkanı yaratdığına görə dövlətimizin başçısına minnətdarlıq edib.