REGİONLAR
Şəmkir şəhərində yeni məktəb binası istifadəyə verilib
Şəmkir, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 9-da Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta məktəb üçün tikilən yeni binanın açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə məktəb binası ilə tanış olublar. Bildirilib ki, Təhsil Nazirliyi tərəfindən tikilən 640 şagird yerlik məktəb binasının inşasına ötən ilin dekabrından başlanılıb. On ay ərzində yüksək keyfiyyətlə tikilən binada 26 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, əmək təlimi, kompyuter, distant təhsil sistemi üçün tədris otaqları, iclas və idman zalları, kitabxana və futbol meydançası var. Məktəb binasına videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb, internet və telefon xətləri çəkilib.
Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov diqqətə çatdırıb ki, son 12 ildə Azərbaycanda 3 mindən çox ümumtəhsil müəssisəsi tikilib və ya əsaslı təmir olunub. Şəmkir şəhərində belə bir təhsil ocağının inşa olunması Azərbaycan Prezidentinin təhsil sahəsinə yüksək diqqət və qayğısının bariz nümunəsidir. Bu gün ölkəmizdə yeni məktəb binalarının tikintisi geniş vüsət alıb və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Yeni istifadəyə verilən bu məktəbdə də şagirdlərin yüksək keyfiyyətli təhsil alması üçün bütün şərait yaradılıb.
Sonda rayonun təhsil ictimaiyyəti və bu təhsil ocağının pedaqoji kollektivi ilə fikir mübadiləsi aparılıb.