İQTİSADİYYAT
Şəmkirçay-Şəmkir magistral su xəttinin 12 kilometrlik hissəsinin inşası yekunlaşıb
Bakı, 21 aprel, AZƏRTAC
Tikintisinə bu ilin mart ayında başlanılan Şəmkir şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə uzunluğu 16,5 kilometr olan Şəmkirçay-Şəmkir magistral su xəttinin 12 kilometrlik hissəsinin inşası yekunlaşıb.
“Azərsu” ASC-dən AZƏRTAC-a bildiriblər ki, magistral xəttin qısa müddətdə istismara verilməsi məqsədilə kəmərin marşrutu boyunca eyni vaxtda 4 nöqtədə tikinti işləri aparılır. Tikintinin may ayının ortalarında başa çatdırılması nəzərdə tutulur. Uzunluğu 16,5 kilometr olan kəmərin 14,5 kilometrlik hissəsi 426 millimetr və 530 millimetr diametrli polad, 2 kilometrlik hissəsi isə 630 millimetr diametrli polietilen borularla tikilir. Şəmkirçay-Şəmkir magistral kəmərinin tikintisi müasir standartlara uyğun olaraq həyata keçirilir. Belə ki, tikinti zamanı qaynaq tikişlərinin keyfiyyətinə xüsusi nəzarət olunur və hər bir qaynaq tikişi diaqnostik cihaz vasitəsilə yoxlanılır. Müvafiq rəy verildikdən sonra borular izolyasiya olunaraq xəndəyə endirilir.
Qeyd olunub ki, kəmərlə özüaxımlı rejimdə nəql olunacaq içməli su Şəmkir şəhərində yeni inşa edilmiş su anbarına ötürüləcək və buradan paylanacaq. Layihəyə uyğun olaraq kəmərlə Şəmkir şəhərinə saniyədə 180 litr su ötürüləcək. Bu da Şəmkir şəhərinin sakinlərinin, həmçinin buradakı sənaye və turizm obyektlərinin içməli suya olan tələbatının tam ödənilməsinə imkan verəcək.
Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla 47 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. İcrasına 2011-ci ilin oktyabrında başlanmış layihəyə uyğun olaraq Şəmkir şəhərinin 2 mənbədən içməli su ilə təmin olunması nəzərdə tutulub.
Şəmkir şəhərində inşası nəzərdə tutulan 203 kilometr kanalizasiya şəbəkəsinin 138 kilometrlik hissəsində işlər başa çatıb. Eyni zamanda uzunluğu 20 kilometr layihələndirilən kanalizasiya kollektorunun 2100 metrlik hissəsi tikilib. Tullantı suları şəhərin kənarında inşa ediləcək və məhsuldarlığı sutkada 25000 kubmetr olan çirkab sutəmizləyici qurğuya ötürüləcək.
2014-cü ildə istismara verilmiş Şəmkirçay su anbarından Şəmkir şəhəri ilə yanaşı, Gəncə və Samux şəhərlərinə də içməli su veriləcək. 27 kilometr uzunluğunda Şəmkirçay-Gəncə magistral kəmərinin inşası yekunlaşıb və bu yay mövsümündən etibarən Gəncə sakinləri də bu mənbədən içməli su alacaqlar.