REGİONLAR
Şəmkirçay dəryaçası 70 min hektardan çox əkin sahəsinin su təminatını yaxşılaşdırıb
Şəmkir, 3 avqust, AZƏRTAC
Şəmkir çayı üzərində tikilən dəryaça Şəmkirlə yanaşı Göygöl, Samux və Goranboy rayonlarının əkin sahələrinə sanki yeni həyat verib. Ümumi su tutumu 164,5 milyon kubmetr olan anbardan sağ və sol, eləcə də qidalandırıcı magistral kanallar vasitəsilə Şəmkir rayonunun 29 min 810, Göygöl rayonunun 2 min 300, Samux rayonunun 18 min 381, Goranboy rayonunun isə 20 min 465 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına imkan yaranıb.
Tikintiyə nəzarət işləri üzrə baş mühəndis Nəsib Mustafayev AZƏRTAC-a deyib ki, dəryaçanın su buraxma qabiliyyəti saniyədə 165 kubmetrdir. Dairəvi seksiyalı nəqledici tunel, eləcə də su buraxma qabiliyyəti saniyədə 28 kubmetr olan enerji tuneli tam hazır vəziyyətdədir. Burada istehsal olunacaq elektrik enerjisini mövcud “Şəmkir” və “Çinarlı” yarımstansiyalarına vermək üçün uzunluğu 27,5 kilometr olan 35 kilovoltluq elektrik hava ötürücü xəttinin də çəkilişi başa çatdırılıb. Hazırda Şəmkir su anbarından əhalinin və torpaq mülkiyyətçilərinin suvarma suyundan istifadəsində heç bir problem yoxdur. Ceyrançöl qışlaq sahəsində 10 min kubmetr tutumu olan hövzəyə axıdılan su buradan 2500 hektar sahənin suvarılmasında istifadə olunur.