QAN YADDAŞI
Şəmkirdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib
Şəmkir, 31 mart, AZƏRTAC
Şəmkirdəki Heydər Əliyev Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar Mərkəzdə Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən guşələrə, həmçinin dahi rəhbərin keçirdiyi tarixi görüşləri əks etdirən fotoşəkillərə baxıblar.
Konfrans açıq elan edildikdən sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra “1918-ci il soyqırımı hadisələrinin baş vermə səbəbləri, buna təsir göstərən amillər”, “Bakı Xalq Komissarları Soveti-mif və reallıqlar”, “Şamaxı şəhəri və Şamaxı qəzasında törədilən soyqırımının istintaq materiallarında əksi”, “Quba şəhəri və Quba qəzasında törədilən soyqırımında yerli əhalinin müqaviməti” və “Zəngəzur qəzasında törədilən soyqırımı” mövzularında məruzələr dinlənilib.
Tarixçilər iştirakçıları maraqlandıran suallara cavab veriblər.