REGİONLAR
Şəmkirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təqdimatı keçirilib
Şəmkir, 19 dekabr, Sabir Əliyev, AZƏRTAC
Dekabrın 19-da Şəmkirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimini giriş sözü ilə Mərkəzin direktoru Məleykə Əlizadə açaraq iştirakçıları bu qurumun məqsəd və vəzifələri barədə məlumatlandırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov qurumun yaranmasından ötən 7 ay müddətində görülən işlərdən danışıb. Qeyd edib ki, Bilik Fondu Azərbaycan Respublikası əhalisinin elmi-texniki, siyasi-ictimai, ekoloji və humanitar biliklərinin artırılmasına xidmət edən, qloballaşma şəraitində cərəyan edən prosesləri təhlil etmək bacarığı aşılayan, azərbaycançılıq məfkurəsinin mahiyyətini və milli-mənəvi, dini dəyərləri təbliğ edən, Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mahiyyətini ictimaiyyətə çatdıran qeyri-kommersiya qurumudur.
Fondun dövlətimizin başçısı İlham Əliyevin müvafiq Sərəncamı əsasında yaradıldığını diqqətə çatdıran icraçı direktor daha sonra deyib ki, bu müddət ərzində ən çox diqqət əhali arasında maarifləndirmə işlərinə yönəldilib. Hazırda ölkənin 76 bölgəsində Bilik Fondunun nümayəndəliyi fəaliyyət göstərir. Fondun nəzdində təşkil edilmiş mühazirəçilər qrupunun üzvləri 200-dən artıq yerdə müxtəlif mövzularda çıxışlar ediblər.
Bildirilib ki, Bilik Fondunun nəzdindəki ölkədaxili, beynəlxalq və informasiya texnologiyaları sektorlarında maraqlı layihələr həyata keçirilib. Respublikamızın 30-dan artıq bölgəsində fəaliyyət göstərən məktəblərdə təhsil alan şagirdlərin bir-biri ilə ünsiyyət qurmaları üçün “Məktəblərin qardaşlaşması” layihəsinə start verilib. Gənclərin peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafını, sağlam həyat tərzini, ətraf mühitin mühafizəsini təbliğ etmək, eləcə də Azərbaycan tarixinin və mədəniyyətinin təbliğinə yönəlmiş çoxlu sayda layihələr reallaşdırılıb.
Təqdimat mərasimində Bilik Fondunun ötən dövr ərzində gördüyü işlərdən bəhs edən videoçarx nümayiş etdirilib.
Fondun Himayəçilik Şurasının üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova çıxış edərək fəaliyyət göstərdiyi qurumda görülməsi nəzərdə tutulan işlərdən söhbət açıb.
Bilik Fondunun layihələr sektorunun müdiri Sərxanbəy Xudiyev isə Azərbaycan vətəndaşlarının bu qurumla əlaqələr qurmasının əhəmiyyətindən danışıb.
Mərasimin sonunda Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.