REGİONLAR
Şəmkirdə “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans
Bakı, 29 yanvar, AZƏRTAC
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 2014-cü ildə həyata keçirdiyi nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun gəlməyən 49,3 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin təşəbbüsü, 250-dən çox istehlakçının, aidiyyəti dövlət qurumlarının iştirakı ilə Şəmkir şəhərində “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda keçirilən konfransda məlumat verilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, konfransda çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev möhkəm təməllər üzərində qurulan Azərbaycan iqtisadiyyatının 2014-cü ildə də dinamik inkişafını davam etdirdiyini, ölkədə işgüzar fəallığın daha da yüksəldiyini, əhalinin müxtəlif mal və xidmətlərə tələbatının artdığını vurğulayıb. Diqqətə çatdırılıb ki, istehlakçıların seçim imkanının genişlənməsi istehlakçı hüquqlarının etibarlı müdafiəsinə diqqətin daha da artırılmasını zəruri edir.
Tədbirdə qeyd olunub ki, istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirləri də mühüm əhəmiyyət daşıyır. Əvvəlki illərdə olduğu kimi, ötən il ərzində də müxtəlif konfranslar və seminarlar keçirilib, kütləvi informasiya vasitələrində maarifləndirici məlumatlar yayılıb, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda yaddaş kitabçaları və digər əyani vəsaitlər hazırlanaraq istehlakçılara paylanılıb. Təkcə 2014-cü ildə istehlakçıların maarifləndirilməsi məqsədilə 16 adda 88 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 mindən artıq yaddaş kitabçası hazırlanıb.
Konfransda Dövlət Xidmətinin əməkdaşlarının istehlakçı hüquqlarının qorunması barədə məruzələri dinlənilib, istehlakçı hüquqları, həmçinin ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına geniş məlumat verilib.
Tədbir Dövlət Xidməti əməkdaşlarının istehlakçı hüquqlarına dair maarifləndirici mövzularda çıxışları ilə davam etdirilib. Çıxışlarda maarifləndirmə işlərinin əhəmiyyəti bir daha vurğulanıb, istehlakçılara isə öz hüquqlarının müdafiəsində fəal olmaları, qarşılaşdıqları məsələlərin həllində aidiyyəti qurumlarla əməkdaşlıq edilməsi, malların keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət yetirmələri tövsiyə olunub.