REGİONLAR
Şəmkirdə II Beynəlxalq Gənclər Forumuna start verilib
Şəmkir, 19 avqust, AZƏRTAC
Şəmkirdə “Avropa Gənclər Parlamenti – Azərbaycan” İctimai Birliyi II Beynəlxalq Gənclər Forumuna start verib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayon gənclər və idman idarəsinin rəisi Emin İsmayılov və başqaları çıxış edib.
Çıxışlarda qeyd olunub ki, layihənin məqsədi gənclər arasında fikir mübadiləsi aparmaq və eyni zamanda, Azərbaycanın multikulturalizm modelini tanıtmaq və Azərbaycan təcrübəsinin gənclər tərəfindən öyrənilməsinə şərait yaratmaqdır. Tədbir Avropa Parlamentinin simulyasiyası formatında keçirilir.
Müsahibə mərhələsini keçdikdən sonra ən fəal və fikirlərini ingilis dilində sərbəst ifadə edə bilən 120 gənc forumda iştirak hüququ qazanıb.
Forum iştirakçıları sıralarında Fransa, Birləşmiş Krallıq, Rusiya, Serbiya, Çexiya, Ukrayna, Rumıniya, Polşa, Belarus, Almaniya, İtaliya, Gürcüstan, Türkiyə, Avstriya və İsveç nümayəndələri yer alıb.
Qeyd edək ki, forum avqustun 22-dək davam edəcək.