SİYASƏT


Şəmkirdə Milli Qəhrəman İsgəndər Aznaurovun xatirəsi anılıb

Bakı, 19 aprel, AZƏRTAC

Şəmkir rayonundakı “N” saylı hərbi hissədə Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə mərasim iştirakçıları İ.Aznaurovun adını daşıyan məktəbin qarşısındakı büstü önünə əklil qoyaraq şəhidin xatirəsini ehtiramla anıblar.

Hərbi hissənin əsgər klubunda davam edən mərasimdə ümummilli lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərimizin xatirəsi hörmət və ehtiramla yad olunub.

Sonra polkovnik-leytenant Loğman Xanlarov Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun həyat və döyüş yolu barədə ətraflı məlumat verib. Qeyd edilib ki, İsgəndər Aznaurov 1956-cı il avqustun 16-da Özbəkistanın Buxara vilayətində anadan olub. 1980-ci illərin sonlarında Fərqanədə milli zəmində baş verən məlum hadisələrdən sonra bir çox ahıska türkü kimi onun da ailəsi Azərbaycana pənah gətirib və Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşıblar. 1992-ci ildən Azərbaycan Ordusunda könüllü olaraq zabit kimi xidmət edən İ.Aznaurov Gədəbəy rayonunun Şınıx bölgəsində erməni quldur dəstələrinə qarşı mərdliklə vuruşub, Mutludərə, Ər dağı, Ləzgi daşı və digər strateji yüksəkliklərdə şəxsi şücaət nümunələri göstərib.

1993-cü ilin baharında şəhid olan İsgəndər Aznaurova yalnız iki il sonra ulu öndər Heydər Əliyevin Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Azərbaycan dövləti İsgəndər Aznaurovun xidmətlərini yüksək qiymətləndirib. İndi onun adına yaşayış məntəqəsi, küçə və məktəb var. Vaxtilə döyüşdüyü səngər bu gün “İsgəndər qalası” adlanır və igid oğullarımız bu qalanın keşiyində ayıq-sayıq dayanaraq düşmən hücumlarının qarşısını mərdliklə alırlar.

İ.Aznaurovun döyüşçü dostları Dilqəm Əliyev, Sənan Quliyev, Əlyar Novruzov, Şahin Adıgözəlov qəhrəman döyüşçü ilə bağlı xatirələrini bölüşüblər.

Şınıx kənd camaatı adından çıxış edən İsmayıl Bayramov isə bildirib ki, Azərbaycanın Milli Qəhrəmanı İ.Aznaurovun əziz xatirəsi ölümün caynağından xilas etdiyi şınıxlıların xatirələrində əbədi yaşayacaq.

Mərasimdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid İ.Aznaurova həsr olunan videoçarx nümayiş etdirilib.

Sonda Kür qəsəbəsinin Mədəniyyət evinin kollektivinin və orta məktəb şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.