REGİONLAR
Şəmkirdə “Müstəqil Azərbaycan 25 il” mövzusunda “dəyirmi masa” təşkil edilib
Şəmkir, 17 oktyabr, Famil Quliyev, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının qərargahında “Müstəqil Azərbaycan 25 il” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açaraq, Dövlət Müstəqilliyi günü münasibətilə iştirakçıları təbrik edib. Bildirib ki, müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da həmişə bu istəklə yaşayıb. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəbindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan isə 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Lakin müstəqilliyini qazandıqdan 2 il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış müharibə, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildəki siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşikdəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu.
YAP Şəmkir rayon təşkilatı aparatının rəhbəri Şövqi Həsənov çıxış edərək deyib ki, bu gün müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına xüsusi diqqət yetirilir.
YAP Şəmkir rayon təşkilatı aparatının məsləhətçisi İlkin Musayev çıxış edərək 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin yenidən müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan Azərbaycanı, sözün həqiqi mənasında, xilas etdiyini bildirib. O, qeyd edib ki, Ulu Öndər hakimiyyətdə olduğu illərdə cəbhədə atəşkəsə nail olunub, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanıb, bütün sahələrdə islahatların keçirilməsinə start verilib.
Sonra Şəmkir Heydər Əliyev Mərkəzinin direktor müavini Fəxri Yusibov, gənc YAP fəallarından Famil Həmidov, Elvira Allahverdiyeva, Bəxtiyar Əhmədov və başqaları çıxış edərək dövlət müstəqilliyimizin əbədi, daimi və dönməz olmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.