REGİONLAR
Şəmkirdə N saylı hərbi hissənin 20 illiyi qeyd edilib
Şəmkir, 3 may, AZƏRTAC
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəmkir ərazisində yerləşən N saylı hərbi hissəsinin yaranmasının 20-ci ildönümü münasibətilə təntənəli yubiley tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin rəsmi nümayəndələrinin, Şəmkir Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə hərbi hissənin komandiri, Milli Qəhrəman Rövşən Əkbərov çıxış edərək hərbi hissənin keçdiyi döyüş yolu barədə ətraflı məlumat verib.
Sonra Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov ölkəmizin Silahlı Qüvvələrinin modernləşməsi, müasir hərbi texnika və avadanlıqlarla təmin olunması, zabit və əsgərlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan danışıb.
Yubiley tədbirində 35 nəfərə 3-cü dərəcəli medal, bir nəfərə polkovnik-leytenant rütbəsi verilib. 10 nəfər isə xidmətdə fərqləndiyinə görə qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Sonra xüsusi təyinatlı bölmələr döyüş qabiliyyətlərini nümayış etdiriblər. Hərbi hissənin şəxsi heyəti təntənəli marş sədaları altında tribuna önündən keçib.
Tədbir konsert proqramı ilə davam etdirilib.