REGİONLAR
Şəmkirdə Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib
Şəmkir, 18 mart, Famil Quliyev, AZƏRTAC
Şəmkirdəki Heydər Əliyev Mərkəzinin qarşısında Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib. Bayramla əlaqədar mərkəzin qarşısındakı meydan və ətrafdakı park bayramsayağı Novruz atributları ilə bəzədilib, səmənilər, xonçalar düzülüb.
AZƏRTAC xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək hamını bu gözəl bayram münasibəti ilə təbrik edib, xoş arzularını bildirib.
Sonra Novruz tonqalı yandırılıb. Xalqımızın ən sevimli bayramlarından olan Novruzun gəlişi rayon sakinlərində xoş əhval-ruhiyyə yaradıb.
Şənlikdə N saylı hərbi hissənin əsgərləri də iştirak edib, onların hər birinə Novruz xonçası təqdim olunub. Rəngarəngliyi ilə yaddaqalan bayram tədbirində lotereyalar oynanılıb və qaliblər müxtəlif hədiyyələr əldə ediblər.
Bayram şənliyi Dədə Qorqud və Bahar qızın xoş arzuları, Kosa və Keçəlin bir-birindən məzəli səhnəcikləri, müğənnilərin ifasında səslənən şən musiqi sədaları altında milli geyimli oğlan və qızların rəqsləri ilə davam edib.