QAN YADDAŞI
Şəmkirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Şəmkir, 25 fevral, Famil Quliyev, AZƏRTAC
Fevralın 25-də Şəmkir şəhərindəki Şəhidlər xiyabanında Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri xiyabanda ucaldılmış soyqırımı abidəsinin önünə tər çiçək dəstələri düzərək, faciə qurbanlarının xatirəsini ehtiramla anıblar.
Sonra əbədi-bədii kompozisiya təqdim olunub.
Vurğulanıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə silahsız və köməksiz Xocalıya hücumu nəticəsində şəhər bir gecədə yerlə-yeksan edilib. Silahlı ermənilər dinc əhaliyə amansız divan tutublar. Meşələrə, dağlara səpələnən əliyalın insanların çoxu şaxtada donaraq məhv olub. Qanlı qırğın nəticəsində 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib. 1275 adam girov götürülüb ki, onlardan 197 nəfərinin taleyi hələ də məlum deyil.
Qeyd olunub ki, xalqımız Xocalı faciəsini heç vaxt unutmayacaq və hadisəni törədənlər gec-tez cəzalarına çatacaqlar.
Tədbirin sonunda Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün ağacəkmə aksiyası keçirilib.